Mayk Pompeo: “İranın neft tankeri yenidən Suriyaya istiqamət götürüb. Zərifə inanmaq böyük səhv idi”

Mayk Pompeo: “İranın neft tankeri yenidən Suriyaya istiqamət götürüb. Zərifə inanmaq böyük səhv idi”

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo avqustun 30-da “Twitter” səhifəsində İranın “Adrian 1” (keçmiş Grace 1) neft tankerindən və Zərifin tankerin istiqaməti ilə bağlı Böyük Britaniyaya verdiyi sözün yalan çıxmasından danışıb.

 

O bildirib ki, onlarda olan dəqiq məlumata əsasən İranın neft tankeri yenidən yolunu dəyişərək Suriyaya doğru istiqamət götürüb: “İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Böyük Britaniyaya zəmanət vermişdi ki, “Grace 1” (hazırkı Adrian Dərya 1) tankeri Suriyaya getməyəcək. Lakin bizdə olan dəqiq məlumata görə, bu neft tankeri hazırda Suriyanın Tərtus şəhərinə doğru gedir. Zərifə inanmaq və ona etimad etmək böyük bir səhv idi” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Pompeonun bu açıqlaması ilə eyni günə düşən ABŞ Maliyyə Nazirliyinin məsələ ilə bağlı bəyanatı da yayılıb.  Nazirlik, avqustun 30-da bəyanat yayaraq “Adrian Dərya 1” tankerinin adını qara siyahıya daxil etdiyini və onun kapitanına sanksiya qoyduğunu açıqlayıb.

 

Məsələyə aydınlıq gətirən Amerikanın maliyyə nazirinin müavini Sigal Mandelker deyib ki, böyük həcmdə neft daşıyan İranın “Adrian Dərya 1” tankerindən Tehran rejiminin təxribat xarakterli fəaliyyətini maliyyə baxımdan təmin etmək və terrorizmə yardım göstərmək üçün istifadə edilir.

 

ABŞ maliyyə nazirinin müavini Sigal Mandelker

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq hökumətinin rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar. Neft tankeri 45 gün Cəbəlüttariqdə saxlandıqdan sonra, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif  Böyük Britaniyaya tankerin Suriyaya getməyəcəyi barədə zəmanət verməsindən sonra avqustun 15-də azad edilib.

 

 

Beynəlxalq dəniz naviqasiya şirkətlərinin məlumatına görə, “Adrian Dərya 1” gəmisi yenidən istiqamətini 180 dərəcə dəyişərək, Türkiyə sahillərinə tərəf hərəkətini dayandırıb. Tanker son günlər ərzində öz trayektoriyasını bir neçə dəfə dəyişdirməklə, naviqasiya şirkətlərini təəccübləndirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN