Mayk Pompeo: “Rəsmi Tehran siyasətini dəyişməsə, İrana qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək”

Mayk Pompeo: “Rəsmi Tehran siyasətini dəyişməsə, İrana qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək”

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısına qoyduğu 12 şərtini açıqlayıb.

 

Mayın  21-də Vaşinqtonun “Heritage” Fondunda çıxış edən Pompeo, İranı dünyada terrorizmin ən böyük himayədarı və terrorçu qruplaşmaların əsas sponsoru adlandıraraq deyib ki, Qərbin üç il əvvəl Tehranla imzaladığı nüvə razılaşması nəinki İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinin qarşısını almayıb, əksinə bu ölkənin Orta Şərqdə fəaliyyətini genişləndirməsinə səbəb olub: “Rəsmi Tehran öz davranış və siyasətini dəyişməsə, İrana qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək. Yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə isə, İran öz iqtisadiyyatını ayaq üstdə saxlamaq üçün çox çətin problemlərlə üz-üzə qalacaq.

 

İran, öz iqtisadiyyatını qoruyub onu inkişaf etdirmək və ya Livan, Suriya, İraq və Yəməndə terrorçu qruplaşmalara dəstək verərək öz sərvətlərini hədər verməkdən birini seçməlidir. Aydın məsələdir ki, yeni sanksiyalar qoyulandan sonra İranın bunların hər ikisini yerinə yetirməyə pulu olmayacaq”.

 

Öz çıxışında, İranda qadınların son aylarda hökumətin məcburi hacab siyasətinə qarşı mədəni etirazına, onların molla rejiminin vəhşi qüvvələri tərəfindən döyülüb təhqir edilməsinə toxunan Pompeo, iranlı xanımların öz insani hüquq və azadlıqları uğrunda apardığı dinc mübarizəsinə dəstək verib: “Biz, İran millətinin səadətini arzu edir, onların inkişaf edərək refah içində yaşamasının şahidi olmaq istəyirik. İranla yeni bir nüvə sazişinin imzalanması məsələsinə gəlincə, hesab edirik ki, İran bölgədə və dünyada yürütdüyü siyasətində köklü və əsaslı dəyişikliklər etməli, bunun üçün aşağıdakı 12 şərti yerinə yetirməlidir:

 

İran, özünün hərbi və nüvə proqramı üzrə bu günə qədər apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. İran, bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN