Məcid Təxt Rəvançi: “Avropanın maliyyə mexanizmi işimizə yaramır”

Məcid Təxt Rəvançi: “Avropanın maliyyə mexanizmi işimizə yaramır”

GünazTV: İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi iyunun 30-da CNN telekanalına müsahibəsində Avropanın İranla özəl maliyyə kanalından (İnstex) və Amerikanın İrana müzakirə təklifindən danışıb.

 

O, bildirib ki, İranın zənginləşdirilmiş uranın həcmini artırması nüvə sazişinin şərtlərini pozmur: “Nüvə sazişi İrana bu imkanı verir ki, üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırsın. Bizim qarşıdan gələn 10 gündə üç Avropa ölkəsi ilə bu barədə mühüm danışıqlarımız olacaq. Əgər həmin müddətdə danışıqlar müsbət nəticə verməsə, biz üzərimizə götürdüyümüz öhdəliklərin icrasını dayandırmaq üçün ikinci addımı atacağıq.

 

Hesab edirik ki, bizim bu xüsusda danışıqlar aparacağımız avropalı tərəfdaşlarımız tələsməlidirlər. Çünki vaxt daralır və biz fürsətləri itiririk. Avropanın nəzərdə tutduğu maliyyə mexanizmi (İnstex) əslində o qədər də bizim işimizə yaramır, bizə yardım etmir. Lakin buna baxmayaraq, avropalılarla aparacağımız danışıqlar, onların bizim maraqlarımızı təmin etməyə qadir olub-olmadıqlarını göstərəcək.

 

Amerikanın bizə etdiyi müzakirə təklifinə gəlincə, biz, qarşı tərəfini qorxutmağa çalışan, ona sanksiyalar tətbiq edən və onunla təhdid və hədə-qorxu dili ilə danışan Amerika ilə danışıqlar aparmayacağıq. Nə qədər ki, bizə qarşı bu təhdidlər davam edir, biz Amerikanın müzakirə təklifinə gerçək və konstruktiv bir təklif kimi baxmayacağıq. Hesab edirik ki, Amerikanın ata biləcəyi ilk addım odur ki, o, tərk etdiyi nüvə sazişinə və danışıqlar masası arxasına qayıtmalıdır” –deyə Məcid Təxt Rəvançı əlavə edib.

 

Xatırladaq ki, yunun 28-də Vyanada nüvə sazişi (“Bərcam”) üzrə keçirilən müştərək komissiyanın iclasına qatılan İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və Avropa Birliyinin xarici siyasət üzrə sədr müavini Helga Şmit İranla Avropa arasında yaradılan “İnstex”in işə salınmasından  danışıblar.

 

 

Helga Şmit deyib ki, İranla Avropa ölkələri arasında yaradılmış özəl ödəmə kanalı “İnstex” artıq icra mərhələsinə çatıb: “Qarşıdan gələn günlərdə İranla Avropa arasında maliyyə əməliyyatları həyata keçiriləcək. Artıq bank vasitəsilə ilkin pul köçürmələri həyata keçirilir”.

 

Abbas Əraqçi isə jurnalistlərlə görüşündə İranla Avropa arasında “İnstex” mexanizminin artıq işə salındığını təsdiq edib: “Vyana iclasında müəyyən nəticələr əldə edilib. Bu isə irəliyə doğru bir addımdır. Lakin bu kifayət deyil. “İran nefti satın alınmayınca, “İnstex” bizim bütün gözləntilərimizi yerinə yetirə bilməz. Avropa ölkələri bizim neftimizin satışını ciddi şəkildə gündəmə gətirməlidirlər” –deyə Abbas Əraqçi əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN