Məhəmməd Bin Salman: “İranın husiləri raketlə silahlandırması, onun ölkəmizə qarşı birbaşa hərbi təcavüzü sayılır”

Məhəmməd Bin Salman: “İranın husiləri raketlə silahlandırması, onun ölkəmizə qarşı birbaşa hərbi təcavüzü sayılır”

GünAzTV: Səudiyyə Ərəbistanının müdafiə naziri, vəliəhd Məhəmməd Bin Salman noyabrın 7-də Böyük Britaniyanın xarici işlər naziri Boris Cansonla telefon əlaqəsi saxlayaraq İranın Yəməndəki şiə-husilərə hərbi yardımından və bir neçə gün əvvəl Ər-Riyada atılan ballistik raketindən danışıb.

 

Səudiyyə şahzadəsi bildirib ki, İranın şiə-husiləri müxtəlif ballistik raketlərlə silahlandırması qəbuledilməzdir: “Biz rəsmi Tehranın bu addımını pisləyir, bildiririk ki, İranın özünə bağlı husi üsyançılarını ballistik raketlərlə silahlandırması, onun ölkəmizə qarşı birbaşa hərbi təcavüzü sayılır. İranın bu addımı həm də Səudiyyə Ərəbistanı Krallığına qarşı savaş elan etməsi kimi qəbul edilə bilər”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

Hadisədən az sonra, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr noyabrın 6-da CNN telekanalına müsahibəsində İranın bu işdə əli olmasından və onun bu barədəki rolundan danışıb: “Biz Ər-Riyad hava limanına raket atılmasını İranın ölkəmizə qarşı müharibə elan etməsi kimi qəbul edir və münasib bir fürsətdə ona layiqli cavab verəcəyik. Aydın məsələdir ki, bu bir İran raketi olub. İran, Səudiyyə Ərəbistanının şəhər və kəndlərinə raket atdığı bir halda bizdən bunun qarşısında sakit qalmağımızı gözləyə bilməz”.

 

 Baş vermiş olayla bağlı həmçinin Səudiyyə Ərəbistanının başlçılıq etdiyi ərəb koalisiyası noyabrın 6-da rəsmi bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb. Koalisiyasının sözçüsü Torki əl Maliki noyabrın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, Ər-Riyada atılan raketin İranda istehsal edilməsi müəyyənləşdirilib: “İranın bilavasitə rolu, husilərin isə birbaşa komandanlığı ilə Ər-Riyada atılan raket, ölkəmizə qarşı açıq-aşkar bir hərbi təcavüzdür”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN