Məhəmmədhüseyn Baqiri: “İranla Türkiyə silahlı qüvvələrinin birgə əməkdaşlığı genişləndiriləcək”

Məhəmmədhüseyn Baqiri: “İranla Türkiyə silahlı qüvvələrinin birgə əməkdaşlığı genişləndiriləcək”

GünAzTV: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqiri oktyabrın 2-də ölkəyə səfər edən türkiyəli həmkarı general Hulusi Akarla görüşündən sonra jurnalistlərə açıqlama verib.

 

Baqiri bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdə iki ölkəyə qarşı yönələn təhdidlər, İraq Kürdistanında keçirilmiş müstəqillik referendumu, qarşılıqlı hərbi əməkdaşlığın genişləndirilməsi və bir sıra regional məsələlər barədə müzakirələr aparılıb: “Biz Türkiyə tərəfi ilə bütün bu mövzular haqda danışıqlar aparmışıq. Bizim İraq Kürdistanında keçirilmiş referendumla bağlı mövqeyimiz eynidir və hesab edirik ki, İraq xalqının bütünlüyü və bu ölkənin ərazi bütövlüyü qorunub saxlanılmalıdır. Biz bu referendumu və onun nəticələrini qəbul etmirik və bu barədə eyni mövqedən çıxış edirik.

 

Ölkələrimizin bir sıra regional məsələlər, o cümlədən də bölgədə terrorizmə qarşı mübarizə və  iki ölkə sərhədində təhlükəsizliyin təmin olunması istiqamətində birgə əməkdaşlıq məsələsinə  gəlincə, bildiririk ki, bundan sonra İranla Türkiyənin silahlı qüvvələrinin həmin sahələrdə birgə əməkdaşlığı genişləndiriləcək”.

 

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar iranlı həmkarının dəvəti ilə oktyabrın 1-dən 2-nə keçən gecə İrana səfər edib. Akarın Tehrana səfəri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərindən iki gün əvvələ təsadüf edib.

 

Ərdoğanın İrana səfəri oktyabrın 4-nə planlaşdırılıb. Səfər zamanı Türkiyə prezidentinin iranlı həmkarı Həsən Ruhani və İranın dini lideri Əli Xamneyi ilə görüşüb danışıqlar aparacağı bildirilir.

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN