Mərkəzi əyalətdə bütün məktəb və ali təhsil ocaqlarında bir həftəlik tətil elan edilib

Mərkəzi əyalətdə bütün məktəb və ali təhsil ocaqlarında bir həftəlik tətil elan edilib

GünazTV: İranda koronavirusun sürətlə yayılmasından ehtiyatlanaraq, Mərkəzi əyalətin bütün ibtidai və orta məktəblərində, eləcə də ali təhsil ocaqlarında bir həftəlik tətil elan edilib.

 

Tədrisin bir həftəliyə dayandırılmasına isə, Mərkəzi əyalətin yerli təhsil idarəsi göstəriş verib.

 

Təhsil idarəsinin göstərişinə əsasən, korona virusundan qorunmaq məqsədilə, eləcə də yoluxdurucu və tənəffüs yolları xəstəliklərinin qarşısını almaq üçün ibtidai və orta məktəblərdə, həmçinin ali təhsil ocaqlarında tədris fevralın 29-una qədər dayandırılıb.

 

Həmçinin, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan fevralın 22-də jurnalistlərə açıqlamasında əyalətdə daha 3 nəfərin korona virusuna yoluxduğunu bildirərək, yerli əhalini özlərini virusdan qorumağa çağırıb:  “Əhalidən istəyimiz odur ki, virusun yayılmasının qarşısını almaq üçün imkan daxilində izdihamlı yerlərə getməkdən və çoxlu insanın dəvət olunduğu qonaqlıq və ya tədbirlərə qatılmaqdan çəkinsinlər” -deyə, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan əlavə edib.

 

İranın İslami İrşad və Mədəniyyət Nazirliyi isə fevralın 22-də bəyanat yayaraq, virusa yoluxma hallarını minimuma endirmək üçün ölkədə fəaliyyət göstərən bütün kinoteatrların, mədəniyyət mərkəzlərinin bir həftəlik tətil elan edilməsinə, konsert proqramlarının isə ləğv edilməsinə göstəriş verdiyini açıqlayıb.

 

 

Qeyd edək ki, İranda hökumət rəsmilərinin bildirdiyinə görə, bu günə qədər ölkədə koronavirusdan ölənlərin sayı 6-ya, virusa yoluxanların sayı isə 28 nəfərə çatıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN