GünazTV: İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində daha 1 həkim koronavirusdan ölüb.
Bu barədə, Məşhəd Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin işçi qrupunun rəhbəri Həmidrza Rəhimi mayın 22-də məlumat yayıb.
Yayılan məlumata əsasən, “Covid-19” infeksiyasına yoluxmuş xəstələri müalicə edərkən özü də xəstəliyə yoluxan və son günlər həkimlərin nəzarətində saxlanılan həkim-mütəxəssis Həmid Əqili, bu gün sübh saatlarında Məşhədin “Vəliyyi-əsr” xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Həmid Əqilinin koronavirusa konkret necə və nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.
Bildirilir ki, bundan əvvəl Məşhəddə koronavirusa yoluxan xəstələrə yardım edən daha 2 həkim, Həsən Ərbab və Seyid Murtuza Vicdan da “Covid-19” infeksiyasına tutularaq həyatlarını itiribləer.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 22-də mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7300 nəfərə, yoluxanların sayının isə 131652 nəfərə çatdığını iddia edib.

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, ölkədə indiyə qədər “Covid-19” pandemiyasından ölənlərin sayının 45000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
A.M