Məsud Pezeşkiyan: “Amerika nüvə sazişindən çıxsa təcrid olunacaq”

Məsud Pezeşkiyan: “Amerika nüvə sazişindən çıxsa təcrid olunacaq”

GünAzTV: İran parlamenti sədrinin müavini Məsud Pezeşkiyan oktyabrın 10-da jurnalistlərə açıqlamasında Amerika prezidenti Donald Trampın nüvə sazişinə qarşı səsləndirdiyi bəyanatlara münasibət bildirib.

 

Pezeşkiyan bildirib ki, İranla 5+1 qrupu arasında imzalanmış nüvə sazişi (“Bərcam”) böyük bir nailiyyətdir: “Tramp, səsləndirdiyi bəyanatlarında deyir ki, bu razılaşma,  Amerikanın bu günə qədər imzaladığı ən pis sazişdir. Bu isə həmin sazişin uğurlu olmasından xəbər verir. Bu onu göstərir ki, sazişin elə nailiyyətləri olub ki, ABŞ prezidentini bu dərəcədə sarsıdıb və onu əsəbiləşdirib. Bu həm də o deməkdir ki, bizim parlament və deiplomatlarımız nüvə sazişi ilə bağlı düzgün qərar veriblər. Şübhə yoxdur ki, əgər Amerika nüvə sazişindən çıxsa və ya bu barədə hər hansı bir qərar qəbul etsə, beynəlxalq qurumlar tərəfindən təcrid olunacaq.

 

Təəssüflər olsun ki, ölkə daxilində də bəzi şəxslər bu sazişlə bağlı eynən Trampın sözlərini təkrar edirlər. Bu isə düzgün deyil. Hesab edirəm ki, bizim diplomatlarla iyasətçilərimizin bu məsələyə yanaşması elə olmalıdır ki, Amerikanın dünyadan təcrid olunmasına səbəb olsun. Artıq nüvə razılaşması, (“Bərcam”) bizimlə Qərb arasında imzalanmış rəsmi bir sazişdir. Lakin onlar (Amerikalılar)  bu gün həmin sazişdən əsəbi və narahat olduqları üçün oyunun qaydalarını pozmağa çalışırlar”.

 

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir, İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir.

 

Bəzi ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp, İranla imzalanmış nüvə sazişi ilə bağlı mövqeyini və ölkəsinin bu sazişdə qalıb-qalmayacağını oktyabrın 12-də (mehrin 20-də) açıqlayacaq.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN