Məsud Pezeşkiyan: “Prezidentliyə namizədlər arasında Ruhaninin şansı hamıdan çoxdur”

Məsud Pezeşkiyan: “Prezidentliyə namizədlər arasında Ruhaninin şansı hamıdan çoxdur”

GünAzTV: İran parlamentinin sədr müavini, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan, aprelin 21-də jurnalistlərə açıqlamasında prezidentliyə namizədlərdən və ölkənin indiki prezidenti Həsən Ruhanidən danışıb.

 

Pezeşkiyan bildirib ki, prezidentliyə namizədlər, öz təbliğat kampaniyalarında və onlar arasında keçiriləcək debatlarda bir-birinə qarşı təxribat xarakterli bəyanatlar səsləndirməkdən çəkinməlidir: “1600-dən çox insanın seçkilərə qatılması, prezidentliyə namizədliyini irəli sürməsi, ölkədəki durumla bağlı heç də yaxşı və münasib perspektiv vəd etmir. Elə buna görə də hesab edirəm ki, ölkənin əsas siyasi cərəyanları dünyanın digər ölkələrində olduğu kimi bir-iki namizəd üzərində cəmləşməli, bir-biri ilə razılığa gəlməlidir.

 

Düşünürəm ki, qarşıdan gələn seçkilərdə, prezidentliyə namizədlər arasında Həsən Ruhaninin şansı hamıdan çoxdur. Lakin əsas namizədlərin adları elan edildikdən sonra baxıb görək ki, onlar arasında keçiriləcək debatlarda nələr baş verəcək və namizədlərin müxtəlif məsələlərlə bağlı mövqeyi və proqramı nədən ibarət olacaq”.

 

İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-si axşam saatlarında bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin isə namizədliyi rədd edilib.

 

Prezidentliyə namizədliyi təsdiqlənənlər bunlardır: Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba. Beləliklə də qarşıdan gələn seçkilərdə, prezidentlik uğrunda rəqabət bu altı namizəd arasında aparılacaq.

 

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN