Mirhüseyn Musəvi və xanımı seçkilərdə Ruhaniyə səs verəcəklərini bildiriblər

Mirhüseyn Musəvi və xanımı seçkilərdə Ruhaniyə səs verəcəklərini bildiriblər

GünAzTV: İrandakı “yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan lideri Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd, cümə günü ölkədə keçiriləcək prezident seçkilərində islahatçıların dəstəklədiyi Həsən Ruhaniyə səs verəcəklərini açıqlayıblar.

 

Bu barədə Mirhüseyn Musəviyə və islahatçılara yaxın “Kaleme” (Kələmə) saytı mayın 16-da məlumat yayıb. Məlumatda bildirilir ki, Musəvi və xanımı, bir neçə gün əvvəl övladları ilə keçirilən həftəlik görüşdə prezident seçkilərində iştirak edəcəklərini, Həsən Ruhaniyə səs verəcəklərini bildiriblər.

 

Qızları ilə görüşündə Musəvi bildirib ki, o dövlət televiziyasında prezidentliyə namizədlərdən kimlərin lehinə, kimlərinsə əleyhinə aparılan təbliğatı görəndən sonra belə bir qənaətə gəlib ki,  Ruhaniyə səs vermək lazımdır: “Bunun üçün biz saxlandığımız yerə bir səyyar sandığın gətirilməsini istəmişik. Ölkənin indiki həssas şərait və durumunda millətin hər birisi, özü-özlüyündə bir rəhbər və bir mediadır. Daha doğrusu, rəhbərlər, millətin özüdür. Çünki, onların səsi dövlət radio-televiziyasının səsindən daha güclüdür”.

 

Görüşdə, həmçinin Zəhra Rəhnəvərd ölkənin gələcəyindən nigaran olduğunu bildirərək islahatçı qrupların dəstəklədiyi Ruhaniyə səs verəcəyini bəyan edib.

 

İrandakı “yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan digər lideri Mehdi Kərrubi də bir neçə gün əvvəl prezident seçkilərində iştirak edəcəyini, Ruhaniyə səs verəcəyini açıqlayıb.

 

Xatırladaq ki, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra seçki saxtakarlığına etiraz bildirən “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərda və Mehdi Kərrubi həbs edilib. Onlar həmin vaxtdan barələrində hər hansı bir məhkəmə keçirilmədən 6 ildən çoxdur  ETTELAAT-ın birbaşa nəzarəti ilə ev dustaqlığında saxlanılırlar.

İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü (mayın 19-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN