Möhsün Rzayi: “Amerika İrana qarşı hücum etsə, bütün region od tutub yanacaq”

Möhsün Rzayi: “Amerika İrana qarşı hücum etsə, bütün region od tutub yanacaq”

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi iyunun 9-da dövlət televiziyasına müsahibəsində Amerikanın İrana qarşı mümkün hücumundan və bu ölkənin regiona göndərdiyi “USS Abraham Linkoln” hərbi gəmisindən danışıb.

 

O, rəsmi Vaşinqtonu və onun regional müttəfiqlərini təhdid edərək deyib ki, Amerikanın İrana qarşı hər hansı bir hücum xarakterli addımı, onun regional mənafeyinin məhvi ilə nəticələnəcək: “Amerikalılar yaxşı bilirlər ki, İranın hərbi gücü və qabiliyyəti elə bir həddə çatıb ki, əgər onlar bizə qarşı hücuma keçsələr, bütün region od tutub yanacaq. Vəziyyət isə belə olan halda,  regionda nə İsrail və onun dostlarının, nə də Amerikanın mənafeyindən əsər-əlamət qalmayacaq.

 

Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisinin bölgəyə göndərilməsinə gəlincə, hesab edirəm ki, bu yalnız bir jest və manevrdən başqa bir şey deyil idi. Əslində isə, amerikalılar gerçək bir müharibə niyyətində deyillər. Hazırda isə onlar hər hansı bir qarşıdurmaya yol verməmək üçün bizdən çox uzaq bir məsafədə dayanıblar” –deyə Möhsün Rzayi əlavə edib.

 

Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi

 

Xatırladaq ki, son həftələr İranla Amerika rəsmiləri arasında söz müharibəsi şiddətlənib. İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi bir ay əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN