Möhsün Rzayi: “Aramco-ya qarşı hücumlar bizim regional dostlarımız tərəfindən həyata keçirilib”

Möhsün Rzayi: “Aramco-ya qarşı hücumlar bizim regional dostlarımız tərəfindən həyata keçirilib”

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi sentyabrın 29-da jurnalistlərə açıqlamasında Amerikanın islam respublikasına qarşı  sanksiyalarından, nüvə sazişindən və Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-ya qarşı hücumlardan danışıb.

 

Möhsün Rzayi Amerikanın ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları “ədalətsiz” adlandıraraq, İranın Aramco təsisatlarına qarşı hücumlarda rol oynadığını dolayısıyla etiraf edib: “Vaşinqtonun sanksiyalar qoymaqda məqsədi, ölkəmizi tamamilə mühasirəyə almaq, islam respublikasının ticari mübadilələrini dayandırmaq və ölkə daxilində ictimai bir partlayışa zəmin yaratmaq idi. Lakin bu baş tutmadı.  

 

Amerikalılar əgər bizim nüvə sazişinə qayıtmağımızı istəyirlərsə, əvvəlcə özləri bu razılaşmaya qayıtmalı, sonra isə ölkəmizə qarşı tətbiq etdikləri sanksiyalara görə bizə 50 milyard dollar kompensasiya ödəməlidirlər.

 

Aramco neft təsisatlarına qarşı hücumlara gəldikdə, biz əvvəlcədən də demişdik ki, Amerikanın bizə qarşı bu addımlarını cavabsız qoymayacağıq. Beləliklə də bizim regiondakı dostlarımız bununla bağlı addım ataraq, bəzi işləri həyata keçirdilər” –deyə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi bəyan edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN