Möhsün Rzayi: “Biz də Böyük Britaniyanın neft daşıyan bir gəmisini saxlamalıyıq”

Möhsün Rzayi: “Biz də Böyük Britaniyanın neft daşıyan bir gəmisini saxlamalıyıq”

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi İranın neft daşıyan bir gəmisinin Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasına münasibət bildirərək İranın da cavab olaraq eyni addımı atmasını istəyib.

 

O, iyulun 5-də “Twitter” səhifəsində yazdığı bir statusda deyib ki, İran da oxşar addım ataraq, Böyük Britaniyanın neft daşıyan bir gəmisini saxlamalıdır: “İslam inqilabı özünün 40 illik tarixində heç bir savaşda çaxnaşmanın başlanğıcı olmayıb. Lakin heç vaxt quldurlara cavab verməkdə tərəddüdə yol verməyib. Hesab edirəm ki, əgər Böyük Britaniya saxladığı İran gəmisini azad etməsə, bizim də məsul qurumlarımız qarşılıqlı bir addım ataraq, bu ölkənin (B.Britaniyanın) neft daşıyan bir gəmisini saxlamalıdır” -deyə Möhsün Rzayi vurğulayıb.

 

Xatırladaq ki, iyulun 3-də Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəsmiləri “Grease 1” adlı Suriyaya neft daşıyan İran gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

 Məlumatda bildirilir ki, tankerin saxlanması onun 2011-ci ilin mayında Avropa İttifaqının Suriya rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması ilə əlaqədardır. Bildirilir ki, gəmi nefti Aİ-nin sanksiya tətbiq etdiyi Baniyas neftayırma zavoduna aparırmış.

 

 “Reuters” agentliyi məsələ ilə bağlı naviqasiya şirkətlərinə istinadən yaydığı xəbərdə bildirir ki, tanker İrandan yola düşüb və Suriyaya xam neft aparırmış. Tanker tutulmamaq üçün Süveyş kanalı əvəzinə daha uzun yol olan Afrikanın cənubundan keçib, Suriya istiqamətində hərəkət edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN