Möhsüni Ejei: “Ölkə iqtisadiyyatına və valyuta sisteminə xələl gətirən 29 nəfər həbs edilib”

Möhsüni Ejei: “Ölkə iqtisadiyyatına və valyuta sisteminə xələl gətirən 29 nəfər həbs edilib”

GünAzTV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei iyulun 29-da jurnalistlərə açıqlamasında, ABŞ dolları məzənnəsinin kəskin artmasının ardınca ölkənin valyuta bazarında yaranmış təlatümdən və bununla bağlı həyata keçirilmiş kütləvi həbslərdən danışıb.

 

Axund Ejei deyib ki, valyuta bazarında tutulanlar yer üzündə fəsad törətməkdə günahlandırılır: “İqtisadiyyatımıza xələl gətirən 29 nəfər həbs edilib. Bundan başqa bu işdə əli olan daha bir neçə şəxs də ya bu gecə, ya da sabah həbs ediləcək. Həbs edilənlərin ittihamlarına tezlikcə keçiriləcək məhkəmələrdə baxılacaq. Həbs edilənlərin əksəriyyəti ölkənin valyuta sisteminə xələl gətirən şəxslərdir”.

 

Xatırladaq ki, iyulun 29-da İranın milli valyutası olan “rial”ın dollar qarşısında dəyərini sürətlə itirməsi hakimiyyət dairələrinin və ölkə əhalisinin ciddi nigaranlığa səbəb olub. Günorta saatlarına qədər 9 min 500 tümənə satılan 1 ABŞ dollarının məzənnəsi təkcə bir neçə saatda 2 min tümən bahalaşaraq 11 min 500 tümənə qalxıb.

 

Bununla da “rial”ın sürətlə dəyərini itirməsi yeni rekord vurub. Dolların məzənnəsinin durmadan artması, valyuta və qızıl bazarlarında təlatüm və həyəcana, əhalinin isə gündəlik istifadə etdiyi ərzaq mallarının qiymətinin kəskin artmasına gətirib çıxarıb. Nəticədə minlərlə vətəndaş vahiməyə düşərək valyuta dəyişən məntəqələrin (exchange-lərin) qarşısında toplaşıblar.

 

 

Hadisədən az sonra, İran Mərkəzi Bankı bəyanat yayaraq valyuta bazarında baş verən təlatümə, dolların dəyərinin kəskin bahalaşmasına reaksiya verib. Bəyanatda bildirilir ki, valyuta və qızıl bazarlarında baş verən dəyişikliklər ölkənin iqtisadi gerçəklikləri ilə üst-üstə düşmür: “Valyuta bazarında  müşahidə olunan dəyişikliklər, daha çox düşmənlərin fitnə və planı əsasında baş verir. Məqsəd isə ölkə iqtisadiyyatına xələl gətirmək, onu zəiflətmək və psixoloji baxımdan insanların asayişini pozaraq onlara təsir etməkdir”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN