Mövləvi Əbdülhəmid: “Ölkənin bəzi əyalətlərinə səfərimin qarşısı alınır”

 Mövləvi Əbdülhəmid: “Ölkənin bəzi əyalətlərinə səfərimin qarşısı alınır”

GünAzTV: İranın Zahidan şəhərinin cümə namazının sünni rəhbəri Mövləvi Əbdülhəmid İsmayıl Zehi, dekabrın 1-də jurnalistlərə açıqlamasında onun ölkənin müxtəlif əyalətlərinə səfərinə qoyulan məhdudiyyətdən gileylənib.

 

O bildirib ki, onun ölkənin bəzi əyalətlərinə, o cümlədən də sünnilərin yaşadığı əyalətlərə səfərinin qarşısı alınır: “Mənim Sistan-Bəlucistan əyalətinin müxtəlif şəhərlərinə, eləcə də Qum və Tehrana səfərim üçün heç bir problem yoxdur. Lakin ölkənin bir sıra digər əyalət və şəhərlərinə səfərimin qarşısı alınır, maneələr yaradılır. Bu məhdidiyyət və qadağaların tətbiq edilməsi üçün mənə yazılı şəkildə konkret hər hansı bir rəsmi hökm və qərar göstərilmir. Sadəcə olaraq şifahi yolla mənə deyirlər ki, sən digər əyalət və şəhərlərə səfər edə bilməzsən”.

 

Xatırladaq ki, Mövləvi Əbdülhəmid ölkədə keçirilmiş son prezident seçkilərində Həsən Ruhaniyə dəstək versə də, sünni bəlucların dini və digər hüquqlarının təmin olunması üçün verdiyi vədləri yerinə yetirmədiyinə görə bir neçə dəfə Ruhani hökumətini tənqid etmişdi. O, həmçinin bu ilin sentyabr ayında İranın dini lideri Əli Xamneyiyə məktub yazaraq ölkədə  sünni müzhəbli vətəndaşlara qarşı tətbiq edilən  ayrı-seçkiliyə etirazını bildirmiş və həmin məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmişdi.  

 

Qeyd edək ki, naməlum səbəblərə görə, bir neçə ildir Mövləvi Əbdülhəmidin xarici səfərlərinə də qadağa qoyulub.

 

 

İran əhalisinin 20 milyondan çoxunu sünni məzhəblilər təşkil etsə də, onlar faktiki olaraq ölkənin 2-ci, bəzən isə 3-cü dərəcəli vətəndaşları sayılır. Belə ki, İran konstitusiyasına əsasən ölkənin rəsmi məzhəbi şiədir və sünni məzhəbindən olanlar ölkə prezidenti, dini lider, nazir və s.  ola bilməz. Bundan başqa sünnilər həssas dövlət idarə və qurumlarında işə götürülmür, onların yaşadığı əyalətlərdə belə rəsmi dövlət idarə və qurumlarda işə götürülməsinə qadağa qoyulub. İranda sünnilərin yaşadığı əyalətlər ölkənin ən yoxsul və geridə qalmış əyalətləri sayılır. Sünnilər hər baxımdan, o cümlədən də iqtisadi, ictimai, mədəni və siyasi baxımdan ayrı-seçkiliyə məruz qoyulur, təzyiq altında saxlanılırlar. Paytaxt Tehranda isə sünnilərin özlərinə məxsus bircə dənə də olsun məscidi yoxdur. Belə ki, hökumət sünnilərə öz məscidlərini tikməyə icazər vermir və onlar həssas dini mərasimlərdə öz namazlarını küçələrdə qılmaq məcburiyyətində qalırlar.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN