Mövlud Çavuşoğlu: “Almaniya Türkiyəyə qarşı bütün təzyiq vasitələrindən istifadə edir”

Mövlud Çavuşoğlu: “Almaniya Türkiyəyə qarşı bütün təzyiq vasitələrindən istifadə edir”

GünAz TV: Almaniya hökuməti Türkiyədə Konstitusiya (Anayasa) dəyişikliklərinə dair referendum ərəfəsində türkiyəli siyasətçilərin ölkə ərazisində çıxışlarına qadağa qoymaqla, Ankaraya qarşı bütün təzyiq vasitələrindən istifadə edir.

 

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Hurriyet” nəşrinə müsahibəsində bildirib.   

 

“Bütün təzyiq vasitələri istifadə edilir. Misilsiz miqyasda təzyiq etmək vasitəsi ilə bütün proqramlarımızı ləğv etməyə çalışırlar. Bu tamamilə repressiv sistemdir. Amma məni heç kim saxlaya bilməyəcək”, - deyə Çavuşoğlu qeyd edib.  

 

Onun fikrincə,  Almaniya hökuməti Türkiyədə keçiriləcək referenduma təsir etmək məqsədilə, Ankaraya təzyiq etməyə çalışır. 

 

Mövlud Çavuşoğlunun martın 8-də Berlində alman həmkarı Ziqmar Qabriel ilə görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, Hamburq şəhər administrasiyası bundan əvvəl Mövlud Çavuşoğlunun türk icmasının nümayəndələri qarşısında planlaşdırılan çıxışını ləğv edib. Qərar görüşün keçiriləcəyi məkanda şəraitin yanğın təhlükəsizliyi normalarına cavab verməməsi ilə əlaqələndirilib.

 

İki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D. Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə mətbuat  azadlıqlarına əməl olunmasını tələb edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlə Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər R. T. Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN