Müqtəda əs-Sədr: “İraqın İranla Amerika arasında baş tuta biləcək müharibəyə qarışdırılmasına qarşıyam”

Müqtəda əs-Sədr: “İraqın İranla Amerika arasında baş tuta biləcək müharibəyə qarışdırılmasına qarşıyam”

GünAz TV: “Sədrlər hərəkatı”nın lideri Müqtəda əs-Sədr bu gün İranla Amerika Birləşmiş Ştatları arasında müharibənin başlanmasına, eləcə də İraqın iki ölkə arasında ziddiyyətlərə qarışdırılmasına və sonra baş verə biləcək müharibədə döyüş meydanına çevrilməsinə qarşı olduğunu bəyan edib.

 

“Bizim İraq xalqının müharibəyə qarşı olduğunu dünyaya çatdıran şəxslərə ehtiyacımız var. Bizim İraqı dağıdıcı müharibə səhnəsinə çevrilməkdən qoruyacaq ağsaqqalların qəti mövqeyinə ehtiyacımız var. O müharibə ki, qurunun oduna yaş da yanıb, külə çevriləcək”- deyə Sədr rəsmi “Twitter” səhifəsində yazıb.

 

O, eləcə də xəbərdarlıq edib ki, əgər rəsmi Vaşinqton və Tehran arasında müharibə olsa, bu, İraqın sonu olacaq. Buna görə də iraqlılar qəti mövqe sərgiləyərək, torpaqlarının digər ölkələrin müharibə meydanına çevrilməsinin qarşısını almalıdırlar.

 

“Sədrlər hərəkatı”nın lideri bu fikirləri Bağdadda ABŞ səfirliyinə qarşı həyata keçirilmiş raket hücumundan sonra yazıb. O, bu fikirləri ilə iranlı rəsmilərə mesaj göndərərək, İraqdan öz siyasi ambisiyalarına görə istifadə etməməyə çağırıb.

 

Xatırladaq ki, mayın 17-də iraqlı tanınmış din xadimi Sistani ölkə rəsmilərinə, xüsusilə də Baş Nazir Adil Əbdülmehdiyə müraciət edərək, onlardan İrandan uzaq durmalarını tələb etmişdi. Sistani müraciətində ölkə rəhbərlərini rəsmi Tehranın İraqdan öz siyasi mənfəətlərinə görə istifadə etməyinə, eləcə də bu ölkəni döyüş meydanına çevirməyinə əngəl olmağa çağırmışdı.

 

Qeyd etmək lazımdır ki, İraq İran üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biri hesab edilir. Rəsmi Tehran uzun illərdir ki, bu ölkədə şiə yaraqlılarını maliyyələşdirməklə yanaşı, İraqda mövcud olan dini abidələrin bərpasına milyardlarla dollar pul xərcləyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN