Nazənin Zağəriyə qarşı yeni məhdudiyyət: Azyaşlı qızını ayda cəmi 1 dəfə görə bilər

Nazənin Zağəriyə qarşı yeni məhdudiyyət: Azyaşlı qızını ayda cəmi 1 dəfə  görə bilər

GünAz TV: İran məhkumluq həyatı yaşayan, ikili vətəndaşlığı olan Nazənin Zağəriyə qarşı yeni sərt məhdudiyyətlər tətbiq edib.

 

“Free Nazənin” kampaniyasının yaydığı məlumata görə, Evin həbsxanasının qadın siyasi məhbuslar şöbəsində yeni qaydalar tətbiq edilib. Bu qaydalara görə, Nazənin Zağəri də daxil olmaqla, həmin şöbədə məhkumluq həyatı yaşayan qadınlar ayda cəmi 1 dəfə öz azyaşlı övladları ilə görüşə bilərlər.

 

Yeni qaydalar həmçinin sözügedən şöbədəki qadınların xarici ölkələrə zəng etməsini də qadağan edir. Beləliklə, bundan sonra Nazənin Zağəri daha öz britaniyalı həyat yoldaşı ilə telefon əlaqəsi yarada bilməyəcək.

 

Qeyd etmək lazımdır ki, daha bir qadın siyasi məhkum, “İnsan Haqları Müdafiəçiləri Mərkəzinin” müdir müavini Nərgiz Məhəmmədinin də həyat yoldaşı xaricidir, Fransa vətəndaşıdır. Bu qərarla o da bundan sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilməyəcək.

 

Britaniya və İran vətəndaşı olan Nazənin Zağəri 2016-cı ildə ailəsi ilə görüşmək üçün İrana səfər etmişdi. O, ölkədən çıxarkən, Tehran hava limanında İran təhlükəsizlik qüvvələri tərəfindən azyaşlı qızı Qabriyela ilə birlikdə saxlanılmışdı. Xanım Zağəri “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Müxtəlif dövrlərdə Evin həbsxanasında saxlanılan Nazənin Zağəri burada psixoloji təzyiqlərə də məruz qaldığı barədə məlumatlar yayılmışdı. “Amnesty İnternational” təşkilatının Britaniya şöbəsinin rəhbəri Keit İran rəsmilərinin Nazənin Zağərə qarşı etdiklərini amansızlıq və vicdansızlıq adlandırmışdı.

 

Qeyd edək ki, bir çox ölkə vətəndaşlarına qarşı qondarma ittihamlar irəli sürərək, onları həbs etmək İranın siyasi kurslarından biridir.  Rəsmi Tehran bu “məhkumlar”dan Qərbdən pul almaq və ya onları hər hansısa bir sövdələşməyə məcbur etmək üçün girov kimi istifadə edir. Bu günə qədər onlarla müxtəlif ölkələrdən olan sivil insanlar İran rejimi tərəfindən bu cür qondarma ittihamlarla həbs edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN