Netanyahu BMT-də İsrail əleyhinə qətnamənin qəbuluna görə Obamanı günahlandırıb

Netanyahu BMT-də İsrail əleyhinə qətnamənin qəbuluna görə Obamanı günahlandırıb

GünAz TV: İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyasını ittiham edib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netanyahu Barak Obama administrasiyasının əslində bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.

 

Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. B. Netanyahu deyib ki, İsrail hakimiyyətinin xahişinə baxmayaraq, amerikalılar BMT Təhlükəsizlik Şurasında veto hüquqlarından istifadə etməyib: “On illər ərzində amerikalılarla İsrail hökumətləri arasında məskunlaşma siyasəti ilə bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələnin həlli yeri deyil. Biz bilirik ki, bu orqanın müraciəti yalnız danışıqlar prosesini  mürəkkəbləşdirir və bizi sülh əldə etməkdən uzaqlaşdırır”.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN