Netanyahu: “Bu gün İran rejiminə qarşı təzyiq və sanksiyaların kəskinləşdirilməsinin əsil vaxtıdır”

Netanyahu: “Bu gün İran rejiminə qarşı təzyiq və sanksiyaların kəskinləşdirilməsinin əsil vaxtıdır”

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampın İrana qarşı yeni kəskin sanksiyaların qəbul ediləcəyilə bağlı səsləndirdiyi fikirləri doğru və yerində adlandırıb.

 

O qeyd edib ki, İran rejiminin regionda, xüsusilə də körfəzdə təxribatçı addımlarının artdığı bir vaxtda bu rejimə qarşı sanksiya və təzyiqlərin kəskinləşdirilməsi doğru addımdır. Netanyahu prezident Trampın bu cür addım atmasından məmnun olduğunu vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Tramp Amerikanın maliyyə nazirinə İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılması ilə bağlı göstəriş verdiyini bəyan edib.

 

Bu qərarın Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilmiş hücumdan bir neçə gün sonra qəbul edilməsi diqqət çəkir.

 

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo sözügedən hücumlardan sonra rəsmi “Twitter” səhifəsində İranı ittiham etmişdi. O bildirmişdi ki, bir tərəfdən Zərif və Ruhani gərginlikləri azaltmaq üçün diplomatik danışıqlar aparmağı iddia edirlər, digər tərəfdən isə rəsmi Tehran dünyanı enerji ilə təchiz edən mərkəzlərə hücumlar təşkil edir.

 

“Əlimizdə olan dəlillər hücumların Yəməndan yox, İran torpağından baş tutduğunu göstərir”- deyə Pompeo əlavə etmişdi.

 

Sentyabrın 16-da Donald Tramp Bəhreynin vəliəhdi ilə görüşündə isə ABŞ-ın İranın bu hücumuna cavab verməyə tələsmədiyini, bir neçə variantın mövcud olduğunu və ölkəsinin bu xüsusda avropalı və ərəb müttəfiqləri ilə müzakirələr aparacağını demişdi.

 

Tramp heç bir ölkə ilə müharibə aparmaq istəmədiklərini dilə gətirsə də, lakin müharibə variantına da hazır olduqlarını qeyd etmişdi.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN