Netanyahu: “Zərif getdi, onun əlindən canımız qurtardı”

Netanyahu: “Zərif getdi, onun əlindən canımız qurtardı”

GünazTV: İsrailin baş naziri Benyamin Netanyahu fevralın 26-da şəxsi “Twitter” səhifəsində yazdığı bir statusda, İranın keçmiş xarci işlər naziri Məhəmmədcavad Zərifin tutduğu vəzifəsindən istefa verməsinə münasibət bildirib.

 

İvrit dilində yazdığı statusunda Netanyahu bildirib ki, onun hökuməti İranın kütləvi qırğın silahlarını əldə etməsinə heç vaxt imkan verməyəcək: “Zərif getdi, onun əlindən canımız qurtardı. Nə qədər ki, burda mən varam, İran rejimi nüvə silahına yiyələnməyəcək” –deyə Netanyahu əlavə edib.

 

Xatırladaq ki, Zərif fevralın 25-i axşam saatlarında “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə səmimi-qəlbdən üzr istəyirəm”.

 

 

Zərifin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri ona göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, artıq Cavad Zərifin xarici işlər naziri kimi dünyada hörmət və imici qalmayıb”.

 

Qeyd edək ki, fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İranın dini lideri Əli Xamneyi ilə görüşündə “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Zərif isə İranın xarici işlər naziri olmasına baxmayaraq, Əsədin ölkəyə səfəri onunla koordinasiya edilməyib və o bu görüşə dəvət edilməyib.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN