Nikki Haley: “İranın sınaqdan keçirdiyi raket, 500 kiloqramlıq nüvə başlığı daşımaq qabiliyyətinə malik raket olub”

Nikki Haley: “İranın sınaqdan keçirdiyi raket, 500 kiloqramlıq nüvə başlığı daşımaq qabiliyyətinə malik raket olub”

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley yanvarın 31-də jurnalistlərlə görüşündə İranın yenicə sınaqdan keçirdiyi ballistik raketindən və onun qabiliyyətlərindən danışıb.

 

BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı növbədənkənar toplantısından sonra jurnalistlərə açıqlama verən Nikki Haley bildirib ki, İranın yeni raket sınaqdan keçirilməsi qəbuledilməzdir və beynəlxalq qanunlara zidd addımdır: “Biz İranın yanvarın 29-da ortamənzilli bir ballistik raket sınaqdan keçirdiyi barədə yayılan məlumatları təsdiqləyirik. Lakin onun bu addımı qəbuledilməzdir. İranlılar bilir ki, nüvə başlığı daşımaq gücünə malik hər hansı bir ballistik raketi sınaqdan keçirməməlidirlər. Onlar bunun qanunsuz olduğunu yaxşı bilirlər. Lakin İranın ötən bazar günü sınaqdan keçirdiyi raket, 500 kiloqramlıq nüvə başlığı daşımağa və 300 kilometrlik bir məsafəni qətt etməyə qadir olan bir raket olub.

 

Biz rəsmi Tehranı başa salmağa çalışırıq ki, onların bu addımını heç cürə qəbul etməyəcəyik. Biz həmçinin İran rəsmilərinin, bu raket sınağının guya müdafiə xarakteri daşıdığı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olmadığı barədəki iddialarını kəskin rədd edirik”.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının yanvarın 31-də keçirdiyi qapalı və növbədənkənar iclasında, İranın yeni ballistik raket sınaqdan keçirməsi məsələsi müzakirə edilib. Fövqəladə iclasda aparılan müzakirələrin detalları mediaya açıqlanmasa da, BMT katibinə və İranla nüvə sazişinin icrasına nəzarət komitəsinə tapşırılıb ki, rəsmi Tehranın son raket sınağı haqda mükəmməl bir hesabat hazırlayaraq BMT Təhlükəsizlik Şurasına təqdim etsinlər.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN