Norveç Sığorta Şirkəti: “Yüksək ehtimala görə “Sepah”ın 4 ticari gəmiyə qarşı hücumda əli olub”

Norveç Sığorta Şirkəti: “Yüksək ehtimala görə “Sepah”ın 4 ticari gəmiyə qarşı hücumda əli olub”

GünazTV: Norveçin Sığorta Şirkəti “D.N.K” bir həftə əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanı yaxınlığında neft daşıyan 4 gəmiyə qarşı edilən bombalı hücumda İranın əli olması barədə apardığı araşdırmanının gizli hesabatını hazırlayıb.

 

Gizli sənədin mətninin bir nüsxəsini əldə etdiyini bildirən “Röyters” agentliyi, mayın 17-də yaydığı məlumatda Norveç şirkətinin və digər beynəlxaq sığorta şirkətlərinin hazırladığı hesabatın mətninə istinadən bildirib ki,  ötən bazar günü körfəzdə 4 ticari gəmiyə qarşı hücumda yüksək ehtimala görə, “Sepah”ın əli olub.

 

Bildirilir ki, 4 ticari gəmiyə qarşı hücumda ən azı 3-dən 30 kiloqrama qədər yüksək dağıdıcı gücə malik partlayıcı maddələrdən istifadə edilib. Qeyd edilir ki, Norveç gəmisinə hücumun növü və istifadə edilən qurğular, İranın dəstəklədiyi yaraqlı husilərin sürət qayıqları vasitəsilə bundan əvvəl Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı həyata keçirdiyi hücumlara bənzəyir.

 

Hücumla bağlı hazırlanan araşdırmanın detalları açıqlanmayıb.

 

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu xəsarət dəyib. Fuceyrə limanında neft daşıyan tankerlərə bombalı hücumun mənşəyi barədə dəqiq dəlil-sübutlar olmasa da, İranın və ona bağlı muzdlu silahlı qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN