Ötən 6 ay ərzində İranda 110 nəfər edam edilib

Ötən 6 ay ərzində İranda 110 nəfər edam edilib

GünAz TV: İran İnsan Haqları Təşkilatının yaydığı yeni hesabatda 2019-cu ilin ötən 6 ayı ərzində ölkədə azı 110 nəfərin ya həbsxanalarda, ya da insanların gözləri qarşısında edam edildiyini qeyd edilir.

 

Hesabata əsasən, onların içərisində 2 yeniyetmə də var. Şirazın Mərkəzi Həbsxanasında icra edilən bu iki nəfərin edamı beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmuşdu.

 

17 yaşları olan Mehdi Söhrabifər və Əmin Sədaqət adlı bu iki yeniyetmə aprel aylarının sonlarında edam edilmişdilər. Onların meyidlərinin üzərində şallaq izləri də aşkar olunmuşdu. Bu isə hər ikisinin edamdan öncə işgəncəyə məruz qaldığını göstərirdi.

 

İran, Səudiyyə Ərəbistanı, Yəmən və Pakistan 18 yaşdan aşağı “cinayət” törədən uşaqları edam edən yeganə ölkələr sırasındadırlar. Lakin İranda qeydə alınan uşaq edamları digərlərindən dəfələrlə çoxdur.

 

İran İnsan Haqları Təşkilatı həmçinin qeyd edib ki, ötən 5 ildə ölkədə təqribən 40 uşaq edam edilib, hansı ki, cinayət törədən zaman onlar 15-18 yaş həddində olublar. Beləliklə, İran dünyada uşaq edamlarına görə 1-ci yerdə gələn ölkədir.

 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet dəfələrlə İranın bu addımını qınayıb və bildirib ki, beynəlxalq qanunlara görə, uşaq və yeniyetmələrin edamı qadağandır.

 

İran İnsan Haqları Təşkilatının yeni hesabatında 8 nəfərin insanların gözü qarşısında edam edildiyi və hökmün icrası zamanı uşaqların da buna tamaşa etdiyini vurğulanır.

 

Digər tərəfdən, müxtəlif beynəlxalq qurumların yaydıqları statistikalara əsasən, 2018-ci ildə İranda təqribən 253 nəfər, 2017-ci ildə isə 507 nəfər dar ağacından asılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN