Pensdən Türkiyəyə sanksiyalarla bağlı yeni təhdid

Pensdən Türkiyəyə sanksiyalarla bağlı yeni təhdid

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Maykl Pens amerikalı keşiş Endrü Bransonla bağlı ölkəsinin Türkiyəyə sanksiyaların tətbiq edilməsinə hazır olduğunu bildirib.

 

“Mənim bu həftə daha əvvəl dediyim və ABŞ prezidentinin də aydın etdiyi kimi, keşiş Endrü Bransonun ev dustağı edilməsi kifayət qədər yaxşı deyil. Amerika Birləşmiş Ştatları keşiş Endrü Branson azad edilməyənə qədər Türkiyəyə sanksiyaların tətbiq edilməsinə hazırdır”, Pens bazar günü Twitter səhifəsində yazıb.

 

Bundan öncə Pens Dövlət Departamentində keçirilən din azadlığı sammitində məsələni gündəmə gətirib və Bransonun dərhal azad edilməsinə çağırıb. Pens əks təqdirdə Türkiyəyə ciddi sanksiyaların tətbiq edilə biləcəyini deyib.

 

Vitse-prezidentin açıqlamalarından bir qədər sonra ABŞ prezidenti Donald Tramp Bransonun işi ilə əlaqədar Türkiyənin ciddi sanksiyalarla qarşılaşa biləcəyini bildirib.

 

Endrü Bransonun həbsi NATO üzrə müttəfiq olan ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin güclənməsinə səbəb olub.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Ankaranın amerikalı keşişi azad etmədiyi təqdirdə sanksiyaların tətbiq edilməsi haqda təhdidinə cavab verərək, ölkəsinin mövqeyində duracağını deyib.

 

“Sanksiyalarla qarşılaşsaq, biz bir addım geri dönməyəcəyik. Onlar səmimi tərəfdaşı itirə biləcəklərini unutmamalıdır”, Türkiyə mətbuatı Ərdoğana istinadən məlumat verib.

 

ABŞ və Türkiyə diplomatları iki ölkə arasında yaranmış mübahisəni həll etməyə çalışır. ABŞ Dövlət Departamenti şənbə günü dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bransonla bağlı məsələni müzakirə etdiyini bildirib.

 

Amerikalı keşiş Endrü Branson Türkiyədə 21 ay həbsdə saxlandıqdan sonra ev dustağı edilib. Branson 20 ildən çoxdur Türkiyədə işləyir. Ankara Bransonu 2016-ci il dövlət çevrilişi cəhdinin arxasında olmaqda və PKK-nı dəstəkləməkdə ittiham edir.

 

Branson bu ittihamları rədd edir. Günahkar tanınsa Branson 35 ilə qədər həbs cəzası ala bilər. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN