Pentaqon İranın regiondakı hücumlarını beynəlxalq sülh və təhlükəsizliyə təhdid adlandırıb

Pentaqon İranın regiondakı hücumlarını beynəlxalq sülh və təhlükəsizliyə təhdid adlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan İranın regiondakı hücumlarını beynəlxalq sülh və təhlükəsizliyə təhdid adlandırıb.

 

Bununla bağlı öz şəxsi “Twitter” səhifəsində status yazan Şanahan qeyd edib ki, ölkəsi müharibə başlatmaq istəmir, lakin özünün və müttəfiqlərinin mənafeyini müdafiə edəcək.

 

Xatırladaq ki, iyunun 13-də Sinqapur və Norveçə məxsus iki böyük xam neft daşıyan tankerə qarşı hücum baş vermişdi. Hadisədən bir neçə saat sonra Amerika İranı bu hücumu təşkil və icra etməkdə ittiham etmişdi.

 

İranın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəliyi isə Amerikanın iddiasını rədd etmişdi.

 

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı- Sentkom da məsələ ilə bağlı yaydığı bəyanatda Birləşmiş Ştatların Yaxın Şərqdə yeni müharibə meydana gəlməsini istəmədiyini, amma rəsmi Vaşinqtonun maraqlarını, eləcə də beynəlxalq dənizçiliyin təhlükəsizliyini lazım olan bütün vasitələrlə qoruyacağını bildirib. Bəyanatda dünənki hücumun ardınca "USS Mason" hərbi gəmisinin Oman dənizində hadisə baş verən yerə göndərildiyi də qeyd edilir. Sentkom həmçinin bildirir ki, "USS Bainbridge" hərbi gəmisi hücuma məruz qalmış tankerlərin yanındadır. Əgər bu gəmiyə qarşı hər hansı təxribatçı hücum həyata keçirilsə, ABŞ ona sərt cavab verəcək.

 

Sentkomun sözçülərindən biri Earl Brovn isə bu hücumları beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdid adlandıraraq, ABŞ və müttəfiqlərinin öz mənafelərini qoruyacaqlarını deyib.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN