Pentaqon: “Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən hücum prezident Trampın əmri ilə gerçəkləşdirilib”

Pentaqon: “Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən hücum prezident Trampın əmri ilə gerçəkləşdirilib”

GünazTV: ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) yanvarın 3-də bəyanat yayaraq, “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin Amerika hərbi hava qüvvələrinin raket hücumunda öldürülməsinə münasibət bildirib.

 

Bəyanatda bildirilir ki, Amerika rəsmilərini qətlə yetirmək niyyətində olan terror başçısı Qasım Süleymani öz planını gerçəkləşdirməkdən əvvəl məhv edilib: “Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri prezident Trampın əmri ilə xarici terror təşkilatı kimi tanınan “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymanini qəti müdafiə xarakterli bir əməliyyatda öldürməklə amerikalıların təhlükəsizliyini təmin ediblər.

 

General Süleymani ardıcıl olaraq, İraqda və regionun digər yerlərində Amerika diplomatlarına və ABŞ-ın hərbi qüvvələrinə qarşı hücum planları hazırlamaqla məşğul idi. Süleymani və onun başçılıq etdiyi “Qüds” briqadası yüzlərlə Amerika hərbçisinin və koalisiya qüvvələrinin qətlə yetirilməsində və ya yaralanmasında məsuliyyət daşıyırdılar. Qasım Süleymani son aylar İraqda koalisiya qüvvələrinin hərbi bazalarına qarşı hücumlara, o cümlədən də 2019-cu il dekabrın 27-də həyata keçirilən və bir neçə amerikalı və iraqlı hərbçinin ölümü ilə nəticələnən hücuma başçılıq etmişdi. O, həmçinin bir neçə gün əvvəl Amerikanın Bağdadakı səfirliyinə qarşı hücumu dəstəkləmiş, təsdiq etmişdi.

 

Qasım Süleymaniya qarşı həyata keçirilən hücumda məqsəd, İran rejiminin növbəti hücumlarının qarşısını almaqdır. Amerika Birləşmiş Ştatları öz vətəndaşlarını qorumaq və onların  təhlükəsizliyini təmin etmək üçün bundan sonra da lazım olan istənilən addımı atacaq” –deyə, ABŞ-ın Müdafiə Nazirliyinin yaydığı bəyanatında bildirilir.

 

Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN