Pompeo dünyanı Çinin uyğur türklərini ekstradisiya etməklə bağlı tələblərinə qarşı çıxmağa çağırıb

Pompeo dünyanı Çinin uyğur türklərini ekstradisiya etməklə bağlı tələblərinə qarşı çıxmağa çağırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Çinin Sintszyan Uyğur Muxtar Rayonunda uyğurların başına gətirdiklərini öz vətəndaşlarına qarşı etnik təmizləmə adlandırıb.

 

O, türkmənistanlı, qırğızıstanlı, özbəkistanlı, Qazaxıstanlı və tacikistanlı həmkarları ilə Nyu-Yorkda keçirdiyi görüş zamanı dünya ölkələrinə müraciət edərək, onları rəsmi Pekinin uyğurları Çinə ekstradisiya etməklə bağlı tələblərini yerinə yetirməməyə çağırıb.

 

“Mən bildirmək istəyirəm ki, Çinin Sintszyan bölgəsində həyata keçirdiyi repressiya əlaməti terrorizmlə mübarizə deyil. Bu, Çinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir. Buna görə də, biz dünya ölkələrini onlara sığınan uyğurları Çinin tələbi ilə geri göndərməməyə çağırırıq”- deyə Pompeo əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Mayk Pompeonun müavini Con Sullivan sentyabrın 24-də Çinin Sintszyan bögəsində insan haqlarının pozulması barədə tədbir keçirəcək.

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Çin hökuməti sözügedən bölgədə 1 milyon müsəlman uyğur türkü “terrorizmlə mübarizə” adı altında həbs edib. Hökumət onları xüsusi düşərgələrdə saxlayır. Bu düşərgələrdə uyğurlara ağır fiziki və ruhi işgəncələr verilməsilə bağlı uzun müddətdir ki, məlumatlar paylaşılır.

 

Xatırladaq ki, İran rejimi Çin hökumətinin islam dininə etiqad edən uyğur türklərinə qarşı etdiyi zülmə haqq qazandırır və bunu dəstəkləyir. İyul ayında İranın Ali Məsləhət Şurasının rəhbəri Sadiq Laricani Amerikanın Çini uyğur müsəlmanlarına qarşı yürütdüyü qeyri-insani və repressiv siyasətinə görə qınamağını  “Çinin daxili işlərinə qarışmaq” kimi dəyərləndirmişdi.

 

İran hər zaman Yəmən, Bəhreyn, Suriya və Fələstin kimi dövlətlərdə onun geostrateji maraqlarına xidmət edən qruplaşmaların üzvlərinin öldürülməsini “insan haqlarının pozulması” kimi təqdim edir. Lakin Çin İranın ən böyük siyasi və ticari tərəfdaşı, eləcə də neftinin müştərisi olduğundan, rəsmi Tehran bu ölkənin müsəlman uyğurlara qarşı törətdiyi repressiyalara və qətliamlara nəinki qarşı çıxmır, əksinə ona dəstək verir. Digər bir fakt isə uyğurların türk olmasıdır. İran da öz daxilində türklərə qarşı repressiyalar həyata keçidiyinə görə, Çinin müsəlman türkləri qətliam etməsini öz maraqlarına uyğun hesab edir. Bu, bir daha İranın iddia etdiyi kimi müsəlmanların “maraqlarını xidmət edən” ölkə deyil, din adı altında terror təşkilatlarından yararlanmaqla, müxtəlif ölkələri işğal etmək istəyən ölkə olduğunu isbata yetirir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN