Pompeo İranı regionda sülh və təhlükəsizliyə qarşı əsas təhdid adlandırıb

Pompeo İranı regionda sülh və təhlükəsizliyə qarşı əsas təhdid adlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranı regionda sülh və təhlükəsizliyə qarşı əsas təhdid adlandırıb.

 

O, öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda qeyd edib ki, bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilmiş toplantıda İranın ballistik raket sınaqlarını, muzdlular vasitəsilə region ölkələrində apardığı müharibələrini və körfəzdə ticari gəmiləri saxlamaqla etdiyi təxribatlarını bir daha qınayıb.

 

Pompeo həmçinin BMT-dən 2231 saylı qətnaməni uzatmasını istəyib. Rəsmi Tehranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından sonra qəbul edilən bu qətnaməyə əsasən, dünya ölkələri İranla münasibətdə silah-sursatla bağlı tətbiq edilmiş müxtəlif məhdudiyyətlərə riayət etməlidirlər. Belə ki, dünya ölkələri İrana tank, ağır artileriya qurğuları, raket sistemləri və digər bu kimi hərbi vasitələri satmaqdan çəkinməlidirlər. Bu məhdudiyyətlər 15 aydan sonra sona çatır.

 

ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, əgər 2231 saylı qətnamə uzadılmasa, Qasım Süleymani kimi şəxslər xarici ölkələrə rahatlıqla səfər edə və bununla da Tehran muzdlu terror təşkilatlarına silah sata biləcək.

 

“Rusiya və Çin kimi ölkələr də İrana tank, raket və hava hücumundan müdafiə sistemi sata biləcəklər, bu isə öz növbəsində regionda yeni silahlanma yarışı başlada, eləcə də Yaxın Şərq və dünyada daha çox qeyri-stabilliyin yaranmasına səbəb ola bilər”- deyə bəyanatda vurğulanır.

 

Pompeo BMT-nin iclasında son olaraq dünya ictimaiyyətini İranın çərçivələrdən çıxmasının və bunun nəticəsində də qeyri-stabil vəziyyətin artmasının qarşısını almağa çağırıb.

 

Pompeodan başqa Brayan Huk da 2231 saylı qətnamənin gələn ilin payınızında bitməsinə münasibət bildirib. O qeyd edib ki, əgər qətnamə uzadılmasa, İrana qarşı hərbi ləvazimat və bəzi şəxslərin səfərləri sahəsində qəbul edilmiş sanksiyalar aradan qalxacaq, bu da Qərbi Asiyada sülh və təhlükəsizlik üçün çox böyük təhdiddir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN