Pompeo: “İranı Suriyadan geri oturtmaq üçün ciddi səylər göstərilir”

Pompeo: “İranı Suriyadan geri oturtmaq üçün ciddi səylər göstərilir”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 20-də ABC telekanalına müsahibəsində Tramp hökumətinin Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı mövqeyini dəstəkləyərək, İranın bölgədə yaranmış boşluqdan sui-istifadə edə biləcəyini rədd edib.

 

Amerika Birləşmiş Ştatlarının Türkiyə prezidenti ilə əldə etdiyi razılaşmaya etiraz bildirənlərə cavab verən Pompeo deyib ki, Vaşinqton İran İslam Respublikasının Suriyada yaranmış mövcud vəziyyətdən sui-istifadə etməsinə və bu ölkədə öz nüfuzunu genişləndirməsinə imkan verməyəcək: “Sizi əmin edirəm ki, İranı həqiqi mənada Suriyadan geri oturtmaq üçün ciddi və davamlı səylər göstərilir. Tramp hökuməti Suriya məsələsində üzərinə götürdüyü üç öhdəliyə  tam sadiqdir. Bunlar isə, İranın Suriyaya təsirinin qarşısını almaq, həbsdə saxlanılan İŞİD-çi məhbusların azad olunmasına mane olmaq və Bəşər Əsəd rejiminin gücünü neytrallaşdırmaqdır” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

 

Xatırladaq ki, Amerikanın öz hərbi qüvvələrini Suriyanın şimalından çıxarması ABŞ Konqresində etirazlarla qarşılansa da, Amerika prezidentinin müavini Mayk Pens və dövlət katibi Mayk Pompeo ötən cümə axşamı günü Ankaraya səfər edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın şimalında 5 günlük atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

 

 

Qeyd edək ki, son günlər Türkiyə ordusu Suriyanın şimalında kürd terror təşkilatlarına qarşı "Barış pınarı" adlı əməliyyata başlayıb. Bir neçə günlük əməliyyat nəticəsində bir çox PKK/YPG terrorçuları zərərsizləşdirilib.

 

"Barış pınarı" əməliyyatının gerçəkləşdirilməsində digər mühüm hədəf isə, Türkiyənin sərhədlərində terror təhlükəsini aradan qaldırmaq, Suriyanın şimalında təhlükəsizlik bir zona yaratmaq və hazırda Türkiyədə yaşayan milyonlarla suriyalı qaçqını həmin zonada yerləşdirməkdir.

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN