Pompeo: “İranın amerikalıların həyatını təhlükəyə salan əməllərinə dözməyəcəyik”

Pompeo: “İranın amerikalıların həyatını təhlükəyə salan əməllərinə dözməyəcəyik”

GünazTV: Dekabrın 29-da müdafiə naziri Mark Esper və ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milley ilə birlikdə Florida ştatına səfər edən dövlət katibi Mayk Pompeo prezident Trampla görüşdən sonra jurnalistlərə açıqlamasında İranın regionda terrorçu şiə qruplaşmalarına dəstəyindən və Amerika hərbçilərinin həyatını təhlükə ilə üz-üzə qoymasından danışıb.

 

Pompeonun açıqlaması, Amerikanın İraq və Suriyada İrana bağlı olan beş yaraqlı şiə qruplaşmasının mövqelərinə hava zərbələri endirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

 Pompeo bildirib ki, o, Mark Esper və general Mark Milley ilə birlikdə prezident Trampla keçirilən görüşdə İranın Orta Şərq regionunda, o cümlədən də İraq və Suriyada amerikalılara qarşı apardığı təxribat xarakterli fəaliyyətini müzakirə edib: “Bu gün biz Florida ştatına gəlmişik ki, son 72 saat ərzində Orta Şərqdə baş vermiş olaylarla bağlı atdığımız addımlar barədə prezident Trampı məlumatlandıraq.

 

 İraqda hərbi bazaya qarşı gerçəkləşdirilən hücum Amerika qüvvələrinə qarşı bir təhdid idi. Bu kimi hücumlar həftələrlədir ki, baş verir. Bu hücumlar isə İraqda Amerika hərbçilərinə qarşı həyata keçirilən ilk hücum deyildi. Lakin bu gün bu hücuma kəskin cavab verdik. Prezident Trampın da son aylarda təkrar etdiyi kimi, bildirirəm ki, biz İran İslam Respublikasının amerikalıların həyatını təhlükəyə salan əməllərinə dözməyəcəyik. Biz həmişə bu kimi təhdidlərlə qarşılaşdığımız zaman hansı addımlar atacağımızla bağlı üzərimizə götürdüyümüz öhdəliyimizə sadiq qalmışıq.

 

 Biz bir daha İran rejimindən istəyirik ki, 2018-ci ilin mayında elan etdiyim şərtlərə uyğun rəftar etsin, regionun sabitliyinə qarşı apardığı dağıdıcı fəaliyyətini dayandırsın. Bizim İrandan gözlədiyimiz bundan başqa bir şey deyil. İran məhz bu şərtlərə əməl edəcəyi təqdirdə yenidən dünya birliyinə qoşula bilər” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

 Dekabrın 29-da Amerikanın hərbi hava qüvvələri İraqda və Suriyada İranın dəstəklədiyi beş yaraqlı şiə qruplaşmasının mövqelərinə raket zərbələri endiriblər. Pentagonun bildirdiyinə görə, İrana bağlı radikal şiə qruplaşmalarına məxsus 3 hərbi qərargah İraqda, 2-si isə Suriyada hədəfə alınıb.

 

 

 Bildirilir ki, İranın dəstəklədiyi İraqın “Həşdəş-Şəbi” qruplaşmasının nəzdində fəaliyyət göstərən “Kətaib Hizbullah” terrorçu qrupunun mövqelərinə qarşı həyata keçirilmiş raket hücumlarında 41 İran hərbçisi və 25 “Həşdəş-Şəbi” muzdlusu həlak olub. Amerikanın pilotsuz uçan təyyarələrinin həyata keçirdiyi hava hücumlarında öldürülənlər arasında “Həşdəş-Şəbi”nin 45-ci briqadasının komandanı Əbu Əli Xəzəli də var.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN