Pompeo: “İranın dini lideri və onun başçılıq etdiyi qurum geniş repressiya və korrupsiya şəbəkəsi üzərində oturub”

Pompeo: “İranın dini lideri və onun başçılıq etdiyi qurum geniş repressiya və korrupsiya şəbəkəsi üzərində oturub”

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 24-də bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İranın dini lideri Əli Xamneyiyə və ona yaxın şəxslərə qarşı sanksiya qoymasına münasibət bildirib.

 

Pompeo bildirib ki, “dini lider” Əli Xamneyi və ona yaxın şəxslər İran xalqını çox ağır duruma salmaq hesabına özlərini zənginləşdiriblər: “İranın dini lideri və onu başçılıq etdiyi qurum (beyt) geniş repressiya və korrupsiya şəbəkəsi üzərində oturaraq özlərini zənginləşdiriblər. Bu isə İran millətini azadlıqdan və onu layiq olduğu inkişaf fürsətlərindən məhrum edib. Prezident Trampın bugünkü qərarı İran liderini geniş maliyyə mənbələrindən məhrum edəcək, onun terrora rəvac verməsinin və İran millətinə qarşı repressiyasının qarşısını alacaq.

 

Hesab edirik ki, İranın qarşısında duran yeganə yol, mükəmməl yeni bir razılaşmağa nail olmaqdır. O vaxta qədər isə, bizim İrana qarşı maksimum iqtisadi təzyiqimiz və İranı diplomatik baxımdan dünyadan təcrid etmək kampaniyamız davam edəcək. İran rejimi zorakılığı bir kənara qoyaraq diplomatiyaya diplomatik yolla cavab vermək qərarına gəlsə, bizi harda tapa biləcəyini yaxşı bilir” –deyə Mayk Pompeo vurğulayıb.

 

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

 

 

Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib. Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var.

 

İranlı siyasi ekspertlərin bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN