Pompeo: “İranın MAGATE ilə tam əməkdaşlıq etməməsindən narahatıq”

Pompeo: “İranın MAGATE ilə tam əməkdaşlıq etməməsindən narahatıq”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik- MAGATE-nin qadın müfəttişinin İranda qısa müddətlik həbs edilməsini qorxu yaratmaq üçün atılan və heç bir əsaslandırması olmayan addım kimi dəyərləndirib.

 

O, həmçinin rəsmi Tehranın MAGATE ilə tam əməkdaşlıq etməməsindən narahatlıq keçirdiklərini bəyan edib. Departamentin rəhbəri ölkəsinin agentliyin İranın nüvə fəaliyyəti üzərində həyata keçirdiyi nəzarətləri dəstəklədiyini qeyd edib.

 

Pompeo İrandan MAGATE-nin müfəttişlərinə öz missiyalarını maneəsiz həyata keçirmək üçün lazım olan şəraiti yaratmağı, eləcə də onların toxunulmazlıq hüququna hörmət göstərməyi tələb edib.

 

O, bir neçə gün öncə MAGATE-nin Qubernatorlar Şurasında müzakirə edilən məsələlərə də toxunub. Pompeo bildirib ki, agentlik İranda güclü nüvə maddəsi tapıb və həmin maddə barədə rəsmi Tehranın quruma məlumat vermədiyi ehtimal edilir.

 

“Hazırda məsələ ilə bağlı araşdırmalar gedir. Agentliyin dedikləri həqiqət olsa, bu, Dövlət Departamentinin sabiq rəhbəri və nüvə razılaşmasını imzalayanlardan biri olan Con Kerrinin anlaşmanın imtiyazları ilə bağlı dediklərinin yalan və saxta olduğunu bir daha sübut edəcək”, - deyə Pompeo fikrini tamamlayıb.

 

Xatırladaq ki, ötən həftə MAGATE-nin müfəttişlərindən birinin İran təhlükəsizlik qüvvələri tərəfindən müvəqqəti olaraq saxlanması səbəbindən bir neçə gün öncə qurumun Qubernatorlar Şurasının toplantısı keçirilmişdi. Həmin görüş zamanı əsas müzakirə mövzularından biri də Turquzabadda tapılan uran izləri idi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN