Pompeo: “İranın neft gəlirləri Qasım Süleymani və Sepah tərəfindən terrora xərclənir”

Pompeo: “İranın neft gəlirləri Qasım Süleymani və Sepah tərəfindən terrora xərclənir”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın neft satışından əldə etdiyi gəlirlərinin “Qüds Briqadası”nın rəhbəri Qasım Süleymani və “Sepah” terror təşkilatı tərəfindən terrorçuluğa sərf edildiyini bildirib.

 

O, bu sözləri “Fox News” telekanalı ilə Cəbəli-Tariqin İrana məxsus saxladığı tankeri azad etməsi ilə bağlı müsahibəsi zamanı deyib. Cəbəli-Tariq rəhbərliyinin bu qərarından təəssüf hissi keçirdiyini dilə gətirən Pompeo qeyd edib ki, İranın bu tanker vasitəsilə neft daşıyıb, gəlir əldə etməsi “Sepah”ın terror fəaliyyətlərini genişləndirmək üçün daha çox sərvət əldə etməsi anlamına gəlir.

 

Eyni zamanda, “Reuters” agentliyi tankerin azad edildikdən sonra Yunanıstan istiqamətidə yön almasına görə, ABŞ Dövlət Departamentinin rəsmi Afinaya tankerlə bağlı mövqeyini xatırlatdığı barədə məlumat dərc edib. Həmin xəbərdarlıqda qeyd edilir ki, sözügedən tankerə edilən hər hansı bir kömək Amerikanın sanksiya tətbiq etdiyi beynəlxalq terror təşkilatına yardım kimi düşünülə bilər, hansı ki, bu addımın güclü hüquqi məsuliyyəti var.

 

Xatırladaq ki, İrana məxsus “Grace 1” tankeri iyul ayının əvvəllərində Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəhbərliyi tərəfindən saxlanılmışdı. Gəminin durdurulmasına səbəb onun Suriyaya neft daşımaqla, Avropa Birliyinin Bəşər Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması göstərilirdi.

 

Ötən həftə isə Cəbəli-Tariq məhkəməsi tankerin buraxılması barədə hökm verib. Rəsmilər bildirirlər ki, İran gəminin Suriya istiqamətində hərəkət etməyəcəyilə bağlı zəmanət veriblər.

 

Məhkəmənin qərarından sonra ABŞ Dövlət Departamenti bəyanat yayaraq, gəminin ekipaj üzvlərinə qarşı “Sepah” terror təşkilatına yardım etdikləri və Suriya rejiminə neft daşıdıqlarına görə sanksiya tətbiq ediləcəyini bəyan edib.

 

Bundan başqa, ötən həftənin cümə günü Departament İrana qarşı embarqoları, eləcə də çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı beynəlxalq qanunları əsas göstərməklə, bu tankerin və onun yükünün yenidən saxlanılmasına göstəriş vermişdi. Lakin Cəbəli-Tariq rəsmiləri ABŞ-ın bu təklifinə müsbət cavab verməmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN