Pompeo: “İranın neft ixracatı 1 milyon bareldən çox azalıb”

Pompeo: “İranın neft ixracatı 1 milyon bareldən çox azalıb”

 GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo noyabrın 4-də özünün şəxsi “Twitter” səhifəsində yaydığı bir postda, Amerikanın İrana qarşı tətbiq etdiyi geniş sanksiyaların icrasına başlanılmasından xəbər verib.

 

O bildirib ki, sanksiyaların tətbiq edilməsində məqsəd, İran millətinə yox, Tehran rejiminə qarşı təzyiqi gücləndirməkdir: “Biz, noyabrın 5-dən başlayaraq, İran rejiminə qarşı çox ağır sanksiyaların icrasına başlayacağıq. Məqsədimiz isə, İranı bölgədə apardığı dağıdıcı fəaliyyətindən əl çəkməyə vadar etməkdir. Bu sanksiyalar, öz səriştəsiz hakimiyyətlərinin rəhimsizliyindən əziyyət çəkən İran millətinə yox, onlara hakim Tehran rejiminə qarşı yönləndirilib”.

 

Pompeo həmin gün “Fox News” telekanalına müsahibə verərək, Vaşinqtonun İrandan neft alan 8 ölkəyə müvəqqəti olaraq güzəştə getməsindən danışıb. O bildirib ki, həmin ölkələrin İrandan idxal etdikləri nefti sıfıra endirmək üçün müəyyən fürsətə ehtiyacı var: “Lakin bəzi ölkələrə güzəştə gedilməsinə baxmayaraq, sanksiyalar indidən öz geniş təsirini göstərib. Belə ki, hazırda İranın neft ixracatı 1 milyon bareldən çox azalıb və Tehranın neft ixracaatı getdikcə azalacaq. Bəzi ölkələr İrandan neft idxalını minimuma endiriblər. Lakin bunu sıfıra endirmək üçün onların vaxta ehtiyacı var. Biz isə bu istiqamətdə irəliləyirik”.

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, noyabrın 5-dən başlayaraq, Amerikanın İran neftinin satışına qoyduğu sanksiyaların icrasına başlanılır. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN