Pompeo: “İranlılar hələ ki, bizimlə əlaqə saxlamayıblar”

Pompeo: “İranlılar hələ ki, bizimlə əlaqə saxlamayıblar”

GünazTV: İsveçrədə səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo iyunun 3-də bu ölkənin  RTS telekanalına müsahibəsində Tehranla Vaşinqton arasında mümkün müzakirələrdən danışıb.

 

O bildirib ki, yeni müzakirələr üçün bu günə qədər rəsmi Tehrandan Ağ Evə hər hansı bir zəng gəlməyib: “İranlılar hələ ki, bizimlə əlaqə saxlamayıblar. Lakin onlar buna hazır olanda bizimlə necə əlaqə saxlayacaqlarını bilirlər. Onlar nə vaxt hazır olsalar, biz danışıqlara hazırıq. Lakin hələ ki arada bir təmas yoxdur. Prezident Tramp da ötən aylarda bir neçə dəfə İranla danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Bizim isə İrandan tələblərimiz çox sadədir.

 

Biz, İrandan istəyirik ki, nüvə silahının istehsalından əl çəksin, nüvə proqramının inkişafını tamamilə dayandırsın. Biz tələb edirik ki, iranlılar, dünyaya, o cümlədən də İsveçrəyə təhdid sayılan raket proqramlarına son qoysunlar, dünyada milyonlarla insanın yerindən-yurdundan didərgin olmasına və ölümünə səbəb olan terrorizmə dəstəyi dayandırsınlar. Bir sözlə, İran normal və adi bir ölkə kimi rəftar edərək, danışıqlara hazır olduğunu bildirsə, biz istənilən səviyyədə onlarla müzakirə aparmağa hazırıq” –deyə Pompeo əlavə edib.

 

Pompeo həmçinin iyunun 2-də İsveçrədə jurnalistlərə açıqlamasında Vaşinqtonun hər hansı bir şərt irəli sürmədən rəsmi Tehranla danışıqlar aparmağa hazır olmasından danışıb: “Biz, İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq. Bir sözlə, biz İran rəhbərləri ilə danışıqlar masası arxasında oturub müzakirə aparmağa tam hazırıq. Lakin buna baxmayaraq, Amerika Birləşmiş Ştatları İranın regionda apardığı şər xarakterli fəaliyyətinin qarşısını almaq üçün öz səyini davam etdirəcək” –deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo vurğulayıb.

 

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp üç həftə əvvəl İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi verib. Bu barədə CNN telekanalı mayın 10-da məlumat yayıb. Yayılan məlumata əsasən, Ağ Ev, İran rəhbərlərinin Trampla əlaqə saxlamaq üçün telefon nömrəsini Amerikanın İrandakı mənafeyini qoruyan İsveçrə səfirliyinin ixtiyarına qoyub.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN