Pompeo, Puya Bəxtiyarinin valideynlərinin azadlığa buraxılmasını tələb edib: “Dünya ictimaiyyəti İran xalqının yanında dayanmalıdır”

Pompeo, Puya Bəxtiyarinin valideynlərinin azadlığa buraxılmasını tələb edib: “Dünya ictimaiyyəti İran xalqının yanında dayanmalıdır”

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 24-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranda baş verən son xalq üsyanında rejimə qarşı etirazların simvoluna çevrilmiş Puya Bəxtiyarinin valideynlərinin və digər ailə üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edib.

 

Pompeo bildirib ki, dünya birliyi İran xalqının rejimə qarşı apardığı dinc mübarizəsinə dəstək verməlidir: “Amerika Birləşmiş Ştatları Puya Bəxtiyarinin valideynlərinin həbs olunmasını qəti şəkildə pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edir. Hesab edirik ki, artıq dünya ictimaiyyətinin bir araya gələrək İran xalqının yanında dayanmasının və İraxn rejimini əməllərinə görə cavabde olmağa vadar etməsinin vaxtı gəlib çatıb” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində paylaşdığı yazısında bildirib.

 

Qeyd edək ki, Puya Bəxtiyari ötən ay molla rejiminə qarşı keçirilən dinc etirazlarda hökumət qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində başından güllə yarası alaraq qətlə yetirilib.

 

Gənc aksiyaçının atası Mənuçehr Bəxtiyari bir neçə gün əvvəl xalqa müraciət edərək onları dekabrın 26-da Kərəcin Səkinə qəbiristanlığında keçirilməsi nəzərdə tutulan oğlunun qırx mərasimində iştirak etməyə dəvət edib.

 

Bunun ardınca ETTELAAT Nazirliyi Puyanın valideynlərini çağıraraq, 40 mərasimini qapalı və kiçik məkanda keçirməyi tələb edib. Puyanın atası Mənüçehr Bəxtiyari bu tələbi rədd edib. Nəticədə, İranın təhlükəsizlik qüvvələri dekabrın 23-ü axşam saatlarında Kərəcdə Puya Bəxtiyarinin atası Mənuçehr Bəxtiyari, anası Nahid Şirpişə və ailənin daha bir neçə üzvünü, dekabrın 24-də isə, onların yaxın qohumlarından olan daha bir neçə nəfəri tutaraq naməlum istiqamətə aparıb.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox günahsız insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 8600-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN