Pompeo: “Regionda Səudiyyə Ərəbistanının neft təsisatlarına hücuma görə İranın məsuliyyət daşıdığı barədə fikir birliyi var”

Pompeo: “Regionda Səudiyyə Ərəbistanının neft təsisatlarına hücuma görə İranın məsuliyyət daşıdığı barədə fikir birliyi var”

GünazTV: Sentyabrın 19-da Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə görüşmək üçün Abu-Dabiyə səfər edən Amerikanın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumdan və Vaşinqtonun buna münasibətindən danışıb.

 

Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayid əl-Nəhreynlə görüşündən sonra jurnalistlərlə görüşən Pompeo deyib ki, region ölkələri və onların rəhbərləri hesab edirlər ki, Aramco neft təsisatlarına hücumların arxasında İran durur: “Bölgədə baş verən son olaylardan sonra biz region ölkələrinin iştirakı ilə sülh uğrunda bir koalisiya yaratmağa çalışacağıq. Mənim üzərimə düşən vəzifə, sülhə nail olmaq məqsədilə bir koalisiya yaratmaqdır. Bunu Amerika prezidenti də istəyir. Ümid edirəm ki, İran İslam Respublikası da bu məsələyə elə bu tərzdə yanaşacaq.

 

Bəzən belə bir fikir səslənir ki, əgər biz İran rejiminə pul versək, onun rəftarı müsbətə doğru dəyişəcək. Lakin mən buna qarşıyam və hesab edirəm ki, bu yalnış bir fikir və səhv bir təsəvvürdür. Çünki İran rejimi keçmişdə olduğu kimi bu gün də terrorizmə dəstək verməkdədir. Biz isə İran hakimiyyətinə pul çatdırılmasının qarşısını almaqla əslində İranın Livan “Hizbullah”ına maliyyə yardımının qarşısını almaq niyyətindəyik.

 

Mən, regiona səfərimdə hətta bircə nəfərə də rast gəlmədim ki, bu Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların arxasında İranın durmasına şübhə ilə yanaşsın. Mənim Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri ilə görüşümdən sonra prezident Trampa mühüm məlumatlarım var. Mən, Amerikaya qayıdandan sonra həmin məlumatları prezident Trampa çatdıracağam. Bu isə region rəhbərlərinin sözü gedən hücumlarla bağlı fikir və mülahizələri, eləcə də bu hücumlara necə cavab verilməsinin zəruri olması ilə bağlıdır” –deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN