Pompeo: “Varşava konfransına 60-dan çox ölkə qatılacaq”

Pompeo: “Varşava konfransına 60-dan çox ölkə qatılacaq”

GünAzTV: Fevralın 12-də Polşaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo İran və Orta Şərq məsələsi ilə bağlı 13-14 fevral tarixlərində Varşavada keçiriləcək beynəlxalq konfransdan danışıb.

 

Pompeo bildirib ki, 2 gün davam edəcək beynəlxalq konfransa, təkcə 30 ölkənin xarici işlər nazirləri qatılacaq: “Biz bir neçə həftə çalışıb Varşava konfransının proqramını hazırlamışıq. Dünyanın 60-dan çox ölkəsi bu konfransda iştirak edəcək və biz Orta Şərqin gələcəyi və onun inkişafı, rifahı və səadəti, eləcə də terrorizmə qarşı birgə mübarizə mövzuları haqda danışıqlar aparacağıq”.

 

Bildirilir ki, Varşava konfransına İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının keçmiş xarici işlər naziri, hazırda bu ölkənin xarici məsələlər üzrə məsləhətçisi Adil əl-Cübeyr də qatılacaq.

 

Həmçinin İranın bir sıra ərəb qonşuları, o cümlədən də Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və Yəmən də konfrasda iştirak edəcək. Konfransa qatılacaq ölkələr arasında Böyük Britaniya, İtaliya, Braziliya, Cənubi Koreya, Albaniya, Argentina, Avstriya, Bolqarıstan, Gürcüstan, Macaristan, İordaniya, Mərakeş, Rumıniya, Ukrayna və pribaltika ölkələri də var.

 

İran, bu konfransa dəvət edilməyib. İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında Varşava konfransına münasibət bildirərək, onu anti-İran konfransı adlandırıb: “Bu konfrans, başlanmazdan əvvəl məğlubiyyətə məhkumdur. Çünki Amerikanın konfransın keçirilməsi ilə bağlı hədəfləri nəticə verməyib”.

 

Mayk Pompeo

 

Xatırladaq ki, Varşava konfransının keçiriləcəyi barədə xəbəri Pompeo yanvarın 11-də Orta Şərq regionuna səfəri zamanı “Fox News” agentliyinə açıqlamasında vermişdi. O, demişdi ki, Varşava konfransına Amerika başçılıq edəcək: “Amerika fevral ayında İran mövzusu ilə bağlı Polşada  beynəlxalq bir konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Konfransa, Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkələrin nümayəndələri qatılacaq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN