Pompeonun Yaxın Şərqə İran rejiminə qarşı ittifaqı gücləndirən 1 həftəlik səfərinin xülasəsi

Pompeonun Yaxın Şərqə İran rejiminə qarşı ittifaqı gücləndirən 1 həftəlik səfərinin xülasəsi

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ötən həftə ərzində Yaxın Şərqin 8 ölkəsinə səfər edərək, bu ölkələrin yüksək dövlət rəsmiləri ilə görüşlər keçirib. Onun bu səfəri İran rejiminin regionda yürütdüyü dağıdıcı siyasət və terrorist qruplara verdiyi dəstəklərin açıq- aşkar pislənməsi baxımında yadda qaldı.  

 

Pompeonun səfəri 8 yanvar tarixində İordaniyaya getməklə başlamışdı. O, burada ölkə kralı və xarici işlər naziri ilə görüşlər keçirmişdi. Pompeo İordaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı İranı və DAİŞ-i regionda ən böyük təhlükə adlandıraraq, amerikalı hərbiçilərin Suriyadan çıxarılmasına baxmayaraq, İranın bölgədəki dağıdıcı siyasətinə qarşı mübarizənin davam edəcəyini bir daha vurğulamışdı.

 

Yanvarın 9-da İraqa elan olunmamış səfərə gələn Amerikanın xarici siyasət idarəsinin rəhbəri bu ölkənin prezidenti, baş və xarici işlər nazirləri, eləcə də parlamentinin spikeri ilə görüşlər keçirdikdən sonra Kürdüstan Muxtariyyətinə qısa müddətli səfər etmişdi. Pompeo İraqda İranı regionun sabitliyinə qarşı ən böyük təhdid adlandırmışdı.

 

Pompeonun bu səfər çərçivəsində ən yadda qalan məqamlarla zəngin olan səfəri Misirə olub. O, yanvarın 10-da Qahirəyə gələrək, ölkə prezidenti və xarici işlər naziri ilə görüşmüşdü. XİN rəhbəri ilə görüşdükdən sonra isə iki ölkənin İran rejiminin yürütdüyü siyasətə qarşı mübarizə aparmaq istiqamətində razılığa gəldiyini bəyan etmişdi.

 

O, Misirə etdiyi səfərdə ən mühüm nöqtə olan Qahirə Amerikan Universitetindəki mühazirəsində Obama administrasiyasının İranla bağlı yürütdüyü siyasəti tənqid edərək, o dövrün sona çatdığını, prezident Donald Tramp administrasiyasının rəsmi Tehranın regionda dağıdıcı siyasətinə qarşı mübarizə aparacağını bildirmişdi: “İran xalqı Tehranda yaşıl hərakat zamanı mollalara qarşı ayağa qalxanda Amerikanın öz təsir qüvvəsini işlətməkdə meylsizliyi sakit qalmağımıza səbəb olmuşdu. Ayətullahlar və onların müridləri azadlıqsevər İran xalqını öldürdülər, həbs etdilər və ya qorxutdular və yaranan iğtişaşlara görə də Amerikanı günahlandırdılar, hansı ki, etirazlara səbəb onların öz diktatorluğu idi”- deyə Pompeo çıxışında vurğulamışdı.

 

ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin Amerikanın gücündən qorxan insanlara xitab edərək, bildirmişdi ki, “Yadda saxlayın, Amerika hər zaman insanlara azadlıq verən güc olub,  heç vaxt işğalçı olmayıb. Bizim heç vaxt Yaxın Şərqdə dominantlıq xəyallarımız olmayıb. Bəs bu şeyləri İran haqda da demək mümkündürmü?”.

 

Yanvarın 11-də Bəhreynə gələn Pompeo burada “Faxnews” kanalı ilə müsahibəsi zamanı 13-14 fevral tarixində Amerikanın Polşanın paytaxtı Varşava şəhərində Yaxın Şərqdə İranın təsirlərini diqqətə almaqla, sabitlik və təhlükəsizlik mövzusunda tədbir keçirəcəyini bildirmişdi. Onun tədbir barədə bu anonsundan sonra İranla Polşa arasında diplomatik qalmaqal yaşanmışdı.

 

Yanvarın 12-də Birləşmiş Ərəb Əmirliyinə gələn Pompeo bu ölkənin rəsmiləri ilə görüşü zamanı İranın bölgədə provakativ fəaliyyətləri ilə mübarizənin zəruri olduğunu vurğulamışdı.

 

O, bir gün sonra isə Qətərə səfər edərək, burada ölkə rəsmiləri ilə görüşlər keçirmişdi. Dohada olan zaman Pompeo Körfəz ətrafında yerləşən ərəb ölkələrindən öz aralarında olan ixtilafları həll etməklərini istəmişdi.

 

Yanvarın 13-də CBC kanalı ilə müsahibəsi zamanı Pompeo İran rəhbərlərinin dünyanın ən pis terrorçuları sırasında olduğunu demişdi.

 

Dövlət Departamentinin rəhbəri yanvarın 14-də isə digər iki ölkəyə- Səudiyyə Ərəbistanı və Omana səfər edərək, burada yüksək dövlət rəsmiləri ilə görüşü zamanı bir daha İranın regionda yürütdüyü dağıdıcı siyasətlə mübarizənin zəruri olduğunu həmin ölkə rəhbərlərinin diqqətinə çatdırmışdı.

 

Baxmayaraq ki, nnun Küveytə də səfəri nəzərdə tutulmuşdu, lakin diplomat şəxsi problemlər səbəbindən bu səfəri ləğv edərək, Amerikaya qayıtmalı olub.

 

Vaşinqtona qayıtmazdan əvvəl jurnalistlərlə mətbuat konfransı keçirən Pompeo bildiribi ki, İran rejiminin regionda yürütdüyü dağıdıcı və provakativ siyasət bizim keçirdiyimiz görüşlər zamanı əsas müzakirə etdiyimiz məsələ olub. O, bir daha vurğulayıb ki, Amerika İran rejiminin öz rəftarlarını dəyişməsini istəyir, əgər bu baş verməsə, rəsmi Tehrana qarşı tətbiq edilən təzyiqlər iki dəfə artırılacaq.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo 2018-ci il mayın 22-də İranla yenidən razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürmüşdü. Bu şərtlərdən bəziləri terrorizmi himayə etməyi dayandırmaq, regionda dağıdıcı siyasətlərə son vermək, Hizbullahı dəstəkləməkdən çəkinmək və region ölkələrinin daxili işlərinə qarışmamaq idi. Pompeo İran rejiminin rəftarlarını dəyişdirmək deyəndə irəli sürülən bu şərtləri nəzərdə tutur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN