Qasım Süleymani: “Sanksiyalardan yayınmaq üçün Qüds Briqadasında iqtisadi komitə yaradılıb”- FOTO

Qasım Süleymani: “Sanksiyalardan yayınmaq üçün Qüds Briqadasında iqtisadi komitə yaradılıb”- FOTO

GünAz TV: “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanı Qasım Süleymani rəhbərlik etdiyi qurumda “sanksiyaları neytrallaşdırmaq üçün iqtisadi komitənin yaradıldığını” deyib.

 

O, bunu Həsən Pilarəkin “Qüds Briqadası”nın komandanın müşaviri və xüsusi köməkçisi təyin edilməsiylə bağlı verdiyi fərmanda açıqlayıb. Həsən Pilarək bundan öncə İraqda fəaliyyət göstərən İrana məxsus “İmamların Məqbərələrinin Restovrasiya Qərargahı”nın rəhbəri idi. 

 

Sözügedən “komitə”nin sanksiyalardan yayınmaq üçün hansı sahələrdə  və hansı fəaliyyətləri göstərəcəyi açıqlanmasa da, Qasım Süleymani tərəfindən rəhbərlik etdiyi qurumda təyinatların həyata keçirilməsi və fəaliyyət istiqamətlərinin açıqlanması görünməmiş haldır.

 

“Qüds Briqadası” “Sepah” terror təşkilatının Yaxın Şərq bölgəsində fəaliyyət göstərən Hizbullah kimi terror təşkilatları ilə əlaqələrini koordinasiya etməklə yanaşı, Suriyada Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” təşkilatlarının yaradıb. 

 

Bundan başqa, İraqda “Həşdəş-Şəbi” və Yəməndə husilər “Qüds Briqadası”nın idarə etdiyi şiə yaraqlı qruplaşmalardır.

 

Bu briqada ölkənin xarici siyasətində həlledici rola sahibdir. Xüsusilə də, İranın İraq, Suriya, Livan, Əfqanıstan və Yəmənə göndərdiyi səfirlər “Qüds Briqadası”nın təsdiq etdiyi təqdirdə, təyin edilirlər.

 

Amerika 2011-ci ildən etibarən Qasım Süleymaniyə qarşı təxribatçı və terrorist fəaliyyətlərinə görə sanksiyalar qəbul edib. Müxtəlif illərdə ABŞ Maliyyə Nazirliyi Süleymanidən başqa, “Qüds Briqadası” ilə əməkdaşlıq edən və əslində ofşor şirkətlər olan bir neçə quruma qarşı da embarqolar tətbiq edib. Sonuncu dəfə isə 2019-cu ilin iyunun 12-də  “Qüds Briqadası”na kömək edən İraq şirkətlərindən biri və onun iki rəhbər şəxsi sanksiyalar siyahısına salınıb.

 

Rəsmi Vaşinqton dəfələrlə “Qüds Briqadası”nın öz nəzarətində olan formal şirkətlər vasitəsilə silah qaçaqmalçılığı, saxta pul kəsilməsi və digər gəlirli iqtisadi sahələrlə məşğul olmaqla barəbər, Livan Hizbullahıyla birlikdə böyük narkotik ticarətinə sahib olduğu barədə sənədlər yayınlayıb.

 

Qasım Süleymaninin verdiyi fərmana əsasən, Həsən Pilarəkin müavini olan Məhəmməd Cəlal Maab onun yerinə “İmamların Məqbərəsinin Restovrasiyası Qərargahı” na rəhbər təyin edilib.

 

İmamların Məqbərələrinin Restovrasiya Qərargahı”nın İraqda bərpa etdiyi dini mərkəzlərdən biri

 

İran İraqda dini mərkəzləri bərpa və təmir etmək işini 2003-cü ildən başladıb və bu istiqamətdə icraedici qurum “İmamların Məqbərəsinin Restovrasiyası Qərargahı”dır. Qərargah hazırda İraqın 6 şəhərində və Suriyanın paytaxtı Dəməşqdə fəaliyyət göstərməkdədir. Qərargah tərəfindən 150-dən çox tikinti layihəsinin həyata keçirilməsi çoxlu sayda tikinti və ticari şirkətin onun tərkibində birləşib, fəaliyyət göstərməyinə səbəb olub. Qurum təqribən 2 dekadaya yaxın müddət ərzində Qasım Süleymaninin ən yaxın adamlarından hesab edilən Həsən Pilarəkin rəhbərliyilə böyük iqtisadi imperiya yaradıb və bu günə qədər dini mərkəzlərin bərpasına 10 milyardlarla dollar pul xərcləyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN