Qətər öz vətəndaşlarını İrandan çıxarır

Qətər öz vətəndaşlarını İrandan çıxarır

GünazTV: İranda koronavirusun yayılmasından ehtiyatlanan Qətər öz vətəndaşlarını İrandan çıxarır.

 

Bu barədə, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Sani fevralın 26-da göstəriş verib. Qətər Əmiri İranda olan vətəndaşlarına müraciət edərək, onlardan İranı tərk etmələrini tələb edib.

 

Qətərin Aviasiya Şirkəti bundan əvvəl, Doha hava limanında virusa yoluxmaqda şübhəli bilinən iranlıların, cənubi koreyalıların və digər ölkə vətəndaşlarının 14 gün müddətinə karantində saxlanılacağı barədə bəyanat yaymışdı.

 

İranın Dohadakı səfirliyi isə həmin gün bəyanat yayaraq, İran vətəndaşlarına Qətərə səfərlərini təxirə salmalarını tövsiyə edib.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 26-da jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin 19, ona yoluxanların isə 139 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının dəfələrlə çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə səy göstərdiyini bildirirlər.

 

 

Bundan əvvəl, İran parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani fevralın 24-də jurnalistlərlə görüşündə Qumda koronavirusa yoluxanlarla bağlı şok açıqlama verib.

 

İranın səhiyyə nazirini xalqa yalan danışmaqda və onu cəmiyyətə düzgün məlumat verməməkdə günahlandıran deputat deyib ki, ötən bazar gününün axşamına qədər təkcə Qumda 50 nəfər koronavirusdan ölüb. Deputat deyib ki, Qumda hər gün təxminən 10 nəfər həmin virusdan həyatını itirir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN