Qızıl Aypara Cəmiyyətinin dünən istefa verən rəhbəri rüşvətxorluğa görə həbs edilib

Qızıl Aypara Cəmiyyətinin dünən istefa verən rəhbəri rüşvətxorluğa görə həbs edilib

GünAz TV: Qızıl Aypara Cəmiyyətinin rəhbəri Əli Əsğər Peyvəndin dünən istefa verdikdən sonra həbs edildiyi barədə məlumatlar yayılıb.

 

Ötən gün Əli Əsğər Peyvəndin “şəxsi problemlər” səbəbindən istefa verildiyi barədə İran media orqanlarında xəbər yayılmışdı. Bu gün səhər saatlarında “İsna” agentliyi “etibarlı mənbələrə” istinadən onun tutulduğunu bildirib. Xəbərdə Peyvəndin korrupsiyoner əməllərinə görə “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən həbs edildiyi qeyd edilir.

 

Bəzi media orqanlarının məlumatlarına əsasən, Əli Əsğər Peyvənd Cenevrəyə getmək istəyərkən hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib və bir neçə saat sonra saxlanılıb.

 

Xəbərlərdə onun bir müddət öncə Qızıl Aypara Cəmiyyətində baş verən böyük maliyyə fırıldaqlarına görə məhkəmə sistemi tərəfindən sorğu-sual olunduğu, daha sonra mülki vəsiqə ilə azad edildiyi bildirilir.

 

Cari ilin mart-aprel ayında İranda baş verən daşqınlardan sonra ölkənin demək olar ki, iflic vəziyyətə düşməsi ilə əlaqədar Milli Məclisin deputatı Mahmud Sadiqi diqqəti Əli Əsğər Peyvəndin rəhbərlik etdiyi quruma çəkmişdi.

 

“Əgər Qızıl Aypara Cəmiyyətinin rəhbəri öz qurumunda rüşvətxorluğa nəzarət etmiş olsaydı, qurum Gülüstanda baş vermiş sel kimi hadisələrin fəsadlarını tez bir zamanda aradan qaldırmağa hazır vəziyyətdə olardı”, - deyə deputat vurğulamışdı.

 

O, həmçinin Cəmiyyətin nəzarətində olan bir çox müəssisələrdə rüşvətxorluğun baş aldığını demişdi.

 

Qeyd etmək lazımdır ki, İran rəsmiləri arasında korrupsiya geniş yayılmış fenomenlərdən biridir. Tez-tez ölkədə yüksək post tutan məmurların rüşvətxor fəaliyyətlərə görə həbs olunduqları ilə bağlı məlumatlar yayılır.

 

Amerika Birləşmiş Ştatları dəfələrlə başda “dini lider” Əli Xamneyi olmaqla, İran rəsmilərinin korrupsiyoner fəaliyyətlərilə bağlı məlumatlar yayınlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN