Rejimin yeni repressiya aləti- “İmam Əli Təhlükəsizlik Qərargahı”- FOTO

Rejimin yeni repressiya aləti- “İmam Əli Təhlükəsizlik Qərargahı”- FOTO

GünAz TV: Sentyabrın 7-də “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami sabiq “Bəsic” komandanı Qulamhüseyn Qeybpərvəri özünün “İmam Əli Təhlükəsizlik Qərargahı” üzrə müavini təyin etdi.

 

Adı tez-tez mediada hallanmayan və insanların bir çoxunun haqqında məlumatığı olmadığı bu qərargah hansı vəzifələri icra edəcək və onun təşkil edilməsinin məqsədi nədir?

 

İran hökumətində belə bir mərkəzin yaradılması ilə bağlı fikirlər 2009-cu ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən xalq etirazlarının proqnozlaşdırılması və yatırılmasında Ettelaat Nazirliyi və polis qüvvələrinin aciz qalmasından sonra irəli sürülmüşdü. Əlbəttə, bu etirazlardan sonra Ettelaata alternativ olaraq, “Sepah”ın Kəşfiyyat İdarəsi də təşkil edilmişdi.

 

Etirazlar zamanı "Sarullah Qərargahı" qüvvələrinin vətəndaşlara qarşı vəhşiliyi

 

“İmam Əli Təhlükəsizlik Qərargahı”nın yaradılmasında etirazlar zamanı Tehranın “Sarullah Qərargahı”nın “təcrübələr”indən istifadə edilib. Belə ki, sözügedən qərargah etiraz meydanlarına anidən və tez çatmaq üçün həmin dövrdə motosikletçi repressiya qüvvələrindən bol istifadə edirdi. Motosikletçi qüvvələrdən istifadə etməyin əsas məqsədi Tehranın tıxaclı yollarından tez keçməklə, xalq etirazlarını yatırmaq üçün qüvvələri anidən meydana gətirmək idi.

 

 

Təqribən tam yatırılması 1 ildən çox vaxt alan həmin etirazlardan sonra “Sepah” komandanları repressiya aləti kimi özünü “təsdiq” etmiş bu qrupları gələcək mümkün etirazların amansızlıqla və anında yatırılması üçün “İmam Əli Təhlükəsizlik Qərargahı” adı altında təşkilatlandırmağa, onlara lazım olan təlimləri keçməyə və bütün zəruri avadanlıqlarla təmin etməyə qərar vermişdilər.

 

2010-cu ildə təsisi rəsmən bəyan edilən bu qərargahın formalaşdırılması Tehranda xalq etirazlarının yatırılmasında “böyük xidmətlər” göstərmiş “Sarullah Qərargahı”nın komandan müavini Mehdi Rəbbaniyə tapşırılmışdı. Mehdi Rəbbani motosikletçi batalyonları yaratmaqda göstərdiyi “xidmətlər”ə görə, ilkin olaraq “Sepah” komandanının, daha sonra isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əməliyyat işləri üzrə müavini kimi yüksək postlara təyin edildi. O vaxt “Sepah” komandanı olan Məhəmmədəli Cəfəri Rəbbaninin “İmam Əli Qərargahı”nın batalyonlarının təşkil edilməsində rolunu yüksək dəyərləndirmişdi və bəyan etmişdi ki, bu batalyonların əsas vəzifəsi 2009-cu ildəki kimi etirazların yatırılması olacaq.

 

 

Cəfərinin bu sözləri göstərir ki, “İmam Əli Qərargahı” hökumət xalq etirazlarını yatırmaq üçün yeni təşkilatlanmış, nizami və təchiz edilmiş repressiya aləti yaradıb.

 

Bu qərargahın yaradılmasından öncə rejim xalq etirazlarını yatırmaq üçün bəsic qüvvələrini müxtəlif şəhərlərdə yerləşən məscid bazalarından meydana çağırırdılar. Dəyənək və taxta ilə silahlanmış bəsiclərin etiraz meydanlarına gəlməsi bəzən tıxaclar səbəbindən uzun vaxt alırdı və xalq kütlələri kontroldan çıxırdı. Bu səbəbdən ilkin olaraq Tehranda, daha sonra digər şəhərlərdə təşkil olunan “İmam Əli Batalyonları” yaradılanda, bu hal nəzərə alınıb. Xüsusi təlimlər keçmiş, vəzifəsi şəhərlərdə baş verəcək mümkün qiyamlar və etirazların yatırılması olan batalyonlar tıxaclı yollarda meydanlara tez çata bilmək üçün nəqliyyat vasitəsi kimi yalnız motosikletlə təchiz ediliblər.

 

Yeni repressiya qüvvəsinin batalyon səviyyəsində təşkil edilməsində də məqsəd var. Bu, onlara meydanlarda hər hansı bir səbəbdən əlaqələrin kəsilməsi zamanı komandanlar və ya yüksək rütbəli şəxslərlə əlaqə saxlamadan, müstəqil qərar qəbul etmək və onu anında icra etməyə imkan verir. Bu isə etirazlar zamanı onlara xalqa qarşı hər cür qəddarlığı tətbiq etmək və etirazçıları öldürməyə belə hüquq verir. Bununla da rüksək rütbəli şəxslər etirazlar zamanı baş verən mümkün qətllər və digər bu kimi halların məsuliyyətini daha rahat öz üzərilərindən ata biləcəklər. Böyük şəhərlərin inzibati bölgüsünə əsasən, hər bir bölgədə bir batalyon yerləşdiriləcək və o, təhkim olunduğu ərazilərdə fəaliyyət göstərəcək.

 

 

Hələlik qərargahın şəxsi heyəti ilə bağlı rəsmi rəqəmlər açıqlanmayıb. 4 il öncə o vaxt “Sepah” komandanı olan Məhəmmədəli Cəfəri artıq 31 min nəfərin təlim gördüyü və lazım olan hər bir vasitə ilə təchiz edildiyini bildirmişdi. O, açıqladığı sayın yalnız Tehrana aid olub- olmadığı və ya bütün ölkəni əhatə edib-etmədiyi barədə bir söz deməmişdi.

 

Bu batalyonların təşkil edilməsini iki amillə bağlamaq olar:

 

1)      İran hökuməti etiraz edən xalqı daha çox repressiyaya məruz qoymaq üçün yeni qüvvə hazırlayıb

 

2)      Hökumət xalq etirazlarının genişlənməsindən və şiddətlənməsindən qorxaraq, mümkün ola biləcək hər bir qiyamı yatırmaq üçün əvvəlcədən bütün qüvvələrini səfərbər edir və boşluqları doldurmaq üçün yeni qüvvələr təşkil edir.

 

Qulamhüseyn Qeybpərvər

 

Qulamhüseyn Qeybpərvər kimi qəddar və radikal bir şəxsin qərargahın başına gətirilməsi də hökumətin bu qüvvələri əsas repressiya aləti kimi istifadə edəcəyinin göstəricisi hesab edilir. “Sepah”ın Fars əyaləti şöbəsinin komandanı vəzifəsində işləyən zaman Şirazda konsertlərin keçirilməsi və Əkbər Haşimi Rəfsəncaniyə qarşı fikirləri onu Əli Xamneyi və ətrafındakı radikal axundların içərisində sevimli şəxsə çevirmişdi. Lakin o, daha çox o dövr Milli Məclisin spikerinin müavini olan Əli Mütəhhəriyə qarşı Şirazda təşkil etdiyi hücumdan sonra “məşhurlaşmışdı”. Hücumdan sonra başladılan araşdırmalar bu günə qədər nəticəsiz qalıb və Qulamhüseyn Qeybpərvər başda olmaqla, bunu təşkil edən “Sepah”ın Şiraz bölməsinin əməkdaşları heç vaxt məsuliyyətə cəlb edilməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN