Rəsmi Bakıdan Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə - Münasibət

Rəsmi Bakıdan Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması fikrinə - Münasibət

GünAz TV: "Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyasında (anayasa) da təsbit olunub".

 

Bunu mətbuata Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı fikrini şərh edərkən deyib.

 

H.Hacıyev qeyd edib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bu məsələ ilə əlaqədar Türkiyənin qəti mövqeyini bir daha ifadə edərək bildirmişdi ki, Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb və bu işğal aradan qalxandan sonra sərhədlər açıla bilər".

 

XİN rəsmisi əlavə edib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir: "Qardaş Türkiyənin bu ədalətli mövqeyi Azərbaycan hökuməti və dövləti tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir və bu iddialar Ermənistan konstitusiyasında da təsbit olunub. Ermənistan əsassız olaraq Türkiyəni heç bir tarixi əsası olmayan qondarma "soyqırım" məsələsində günahlandırır".

 

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və qonşu dövlətlərə qarşı iddialarına son qoyulması nəticə etibarilə regionda davamlı sülhün bərqərar olmasına, nəqliyyat xətlərinin bərpa olunması və hərtərəfli regional əməkdaşlığın yaranmasına şərait yarada bilər. Bundan da ilk növbədə Ermənistan və erməni xalqı faydalana bilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN