Rəsmi Tehranın sözçüsü Bəhreyni “milçəy”ə, İranı isə “qartal”a bənzətdi

Rəsmi Tehranın sözçüsü Bəhreyni “milçəy”ə, İranı isə “qartal”a bənzətdi

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mayın 3-də jurnalistlərə açıqlamasında Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al Xəlifənin İran və Hörmüz boğazı ilə bağlı son bəyanatına reaksiya verərək, rəsmi Mənaməni təhqir edib.

 

Öz açıqlamasında Bəhreynə qarşı təhqiramiz ifadələr işlədən, onu “Zərrəcik” və “Cırtdan” ölkə adlandıran Abbas Musəvi, klassik fars şeirinin tanınmış simalarından biri olan Sədinin bir şeirinə toxunaraq, bu ölkəni İran qarşısında bir milçəyə bənzədib: “Biz, xeyirxahlıq üzündən qonşuluq münasibətlərini nəzərə alaraq, başqalarından asılı olan bu zərrəcik və cırtdan ölkənin vəzifəli şəxslərinə tövsiyə edirik ki, öz hədlərini bilsinlər və özlərindən böyüyü təhdid etməsinlər. Fars alimləri əsrlər əvvəl necə də yaxşı deyiblər ki, milçək bir qartalı necə düşürə bilər ki.

 

İran İslam Respublikası, dünyanın mühüm tranzit keçid yollarından biri olan Hörmüz boğazının təhlükəsizliyinin qorunub saxlanılmasına təkid edir. Nə qədər ki, İran xalqının mənafeyi bu mühüm və həyati boğazdan təmin edilir, biz də bu boğazın təhlükəsizliyinin qorunmasına təkid edirik” –deyə Abbas Musəvi əlavə edib.

 

 Xatırladaq ki, Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al Xəlifə mayın 2-də jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə müdaxiləsindən danışaraq, İran rəsmilərinin Hörmüz boğazının bağlanması ilə bağlı səsləndirdikləri son təhdidlərinə reaksiya verib.

 

Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al Xəlifə

 

O deyib ki, İranın regional təxribat xarakterli siyasəti bu ölkəni uçuruma doğru aparır: “İran region ölkələrinin daxili işlərinə qarışıb onlara pul, silah və hərbi qüvvə göndərməklə böyük səhvə yol verib. Regionda İranın ballistik raketləri və onun bölgədə öz hegemonluğunu bərqərar etməyə cəhdi kimi problemlər öz həllini tapmadığı bir vaxtda, bu ölkə (İran) məntəqədə yürütdüyü əvvəlki siyasətini hələ də davam etdirir, Hörmüz boğazını bağlayacağını bildirir, bununla da region ölkələrini təhdid edir.

 

Lakin İran yaxşı bilir ki, Hörmüz boğazını bağlayacağı təqdirdə, birinci özü boğulacaq. İranın belə bir addımı körfəz ətrafında olan bütün ölkələrə qarşı ciddi bir təhdiddir. Yaxşısı budur ki, İran bu addımı atmaqdan əvvəl yaxşıca fikirləşsin. Çünki İranın belə bir addımı bölgədə yaşanan mövcud çaxnaşmanı çox təhlükəli bir həddə gətirib çıxara bilər. İran bilməlidir ki, ona birgünlük belə Hörmüz boğazını bağlamağa imkan verilməyəcək” –deyə Şeyx Xalid bin Əhməd Al Xəlifə vurğulayıb.

 

 

Qeyd edək ki, iki həftə əvvəl “Sepah”ın ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına salınmasından və İran neftinin satışına qoyulan məhdudiyyətlərin artmasından sonra, son günlər prezident Həsən Ruhani, “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri, Hörmüz boğazını bağlayacaqları ilə bağlı təhdid dolu bəyanatlar səsləndiriblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN