Ruhani: “4 gün sonra uranı 3.67%-dən ehtiyacımız olan həddə qədər zənginləşdirəcəyik”

Ruhani: “4 gün sonra uranı 3.67%-dən ehtiyacımız olan həddə qədər zənginləşdirəcəyik”

GünAz TV: İran prezidenti Həsən Ruhani bu gün etdiyi çıxışda Qərbi uranı ölkəsinin ehtiyacı olan miqdarda zənginləşdirəcəyi ilə təhdid edib.

 

O bildirib ki, iyulun 7-dən sonra İran nüvə razılaşmasında uranın zənginləşdirilməsi ilə bağlı icazə verilmiş həddi aşacaq. Razılaşmada bu hədd 3.67% nəzərdə tutulub. Ruhaninin sözlərinə görə, həmin tarixdən etibarən İran uranı “ehtiyacı olduğu qədər”, yəni heç bir məhdudiyyət olmadan zənginləşdirəcək.

 

Təqribən 2 həftə öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 7-dən ölkəsinin nüvə razılaşması çərçivəsində öhdəsinə götürdüyü öhdəlikləri azaltmaqla bağlı 2-ci mərhələyə başlayacağının anonsunu vermişdi.

 

Qeyd edilən tarixdə İranın cari ilin may ayının 8-də Avropaya verdiyi möhlət müddətinin vaxtı tamam olur. Rəsmi Tehran mayın 8-də Avropa ölkələrinə 60 gün möhlət verərək, onları öz nüvə öhdəliklərinə “əməl etməyə” çağırmışdı. İran bəyan edirdi ki, bu müddət ərzində qeyd edilən istiqamətdə əməli addımlar müşahidə etməsə, nüvə razılaşmasında öz üzərinə düşən öhdəlikləri azaldacaq.

 

Həsən Ruhani bu gün Nazirlər Kabinetinin görüşü zamanı həmçinin bildirib ki, Qərb “öz öhdəliklərinə əməl etməsə”, İran Ərak ağır su reaktorunu da əvvəlki vəziyyətinə qaytaracaq.

 

Sonda Ruhani qeyd edib ki, “əgər qarşı tərəf Hərtərəfli Birgə Fəaliyyət Planında üzərinə düşən öhdəliklərə 100% əməl etsə, İran da eyni qaydada davranacaq”.

 

Qeyd etmək lazımdır ki, Ərak ağır su reaktorunu yenidən modifikasiya etməklə, İran nüvə silahı əldə etmək üçün fəaliyyətlərini başlada bilər. Nüvə razılaşmasından sonra reaktorun atom bombası hazırlamaq üçün lazım olan plutonium maddəsi istehsal etməyə qadir Mərkəzi hissəsi ləğv edilmiş və onun quyuları betonlanmışdı.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN