Ruhani: “ABŞ Konqresinin İrana qarşı yeni hərəkətinə lazımi cavabı verəcəyik”

Ruhani: “ABŞ Konqresinin İrana qarşı yeni hərəkətinə lazımi cavabı verəcəyik”

GünAzTV: İran prezidenti Həsən Ruhani iyulun 26-da Nazirlər Kabinetinin iclasında çıxış edərək ABŞ Konqresinin İrana qarşı sanksiyaların sərtləndirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsinə reaksiya verib.

 

Amerikanı İran İslam Respublikasına və onun əhalisinə qarşı düşmənçilikdə günahlandıran Ruhani bildirib ki, onun hökuməti Vaşinqtonun bu hərəkətini cavabsız qoymayacaq: “Bizim xalq bu düşmənçiliklərlə tanışdır və artıq ona öyrəşib. Lakin millətimiz onların bu düşmənçilik siyasətinin qarşısını necə almağı da bacarır. Biz ABŞ Konqresinin ölkəmizə qarşı yeni hərəkətinə lazımi cavabı verəcəyik. İran milləti yaxşı bilir ki, öz düşmənləri qarşısında layiqincə müqavimət göstərməlidir. Çünki bu millət, ötən qırx ildə demək olar ki, hər gün Amerika hökumətinin və onların rəsmilərinin cürbəcür təzyiqi, ittihamları və sanksiyaları ilə üz-üzə qalıblar”.

 

Ruhani, Amerika Konqresinin bu hərəkətinə qarşı necə və hansı yollarla cavab veriləcəyini açıqlamayıb.

 

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası iyulun 25-də “İranın sabitliyə qarşı yönələn  əməllərinin qarşısını almaq” adlı qanun layihəsinə düzəlişlər edərək onu səs çoxluğu ilə qəbul edib. Keçirilən səsvermədə, 419 nəfər qanun layihəsinin lehinə, 3 nəfər isə əleyhinə verib. Bundan sonra sənədə Senatda baxılacaq və təsdiq ediləcəyi təqdirdə imzalanması üçün ABŞ prezidentinə göndəriləcək. Sənəd, Tramp tərəfindən imzalandıqdan sonra icra ediləcək.

 

Sənəddə, beynəlxalq terrorizmə dəstək verdiyinə və bölgədə sabitliyi pozduğuna görə, eləcə də raket proqramını davam etdirərək ölkədə insan hüquqlarını kobud şəkildə pozduğuna görə  “Sepah”a və ona bağlı şəxslərə və müəssisələrə qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN