Ruhani: “Amerikanın təzyiqlərinə rəğmən, İran xalqı daha da xoşbəxt və güclü olub”

Ruhani: “Amerikanın təzyiqlərinə rəğmən, İran xalqı daha da xoşbəxt və güclü olub”

GünAz TV: İran prezidenti Həsən Ruhani bu gün keçirilən Nazirlər Kabinetinin iclasında Amerikanın sanksiyalarına baxmayaraq, xalqın “daha da xoşbəxt olduğunu və gücləndiyini” iddia edib.

 

O, həmçinin rəsmi Tehranla Vaşinqton arasında gərginliyin azaldılması üçün Fransa prezidenti Emmanuel Makronun göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirdiyini deyib, lakin Nyu-Yorkda Amerika ilə müzakirələrin baş tutmamasına görə Trampı günahlandırıb.

 

Ruhani ölkəsinin “sülh carçısı” olduğunu, lakin İsrailin və bəzi ərəb ölkələrinin İrana qarşı “məkrli planlar” həyata keçirməyə çalışdıqlarını iddia edib.

 

O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka etdiyi səfəri xatırladıb və orada bütün dünyaya yenidən 5+1 formatında razılaşma əldə etmək üçün danışıqlara başlamağa hazır olduqlarını bəyan etdiyini bildirib.

 

Ruhani sonda ölkəsinin Fransa tərəfinin təklif etdiyi bütün şərtləri qəbul etdiyini və danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Lakin o, hələ də müzakirələrin başlamamasına görə, ABŞ tərəfini günahlandırıb.

 

Ruhaninin dediklərinin əksinə olaraq, sanksiyalar qəbul edildikdən sonra İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. Ölkənin ixracatının asasını təşkil edən neft satışı günlük 2.6 milyon bareldən 120 min barelə qədər enib. Ölkədə ərzaq məhsullarının qiyməti kəskin bahalaşdığından, əhalinin həyat şəraiti daha da ağırlaşıb. Son 1 il ərzində İranın müxtəlif bölgələrində insanlar əməkhaqlarının verilməməsi və ya azlığı, eləcə də ağır həyat şəraitinə görə dəfələrlə etiraz aksiyaları keçiriblər. Nəticədə onlardan bir çoxu həbs olunaraq, ağır cəzalara məhkum ediliblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN