Ruhani: “Benzinin qiymətinin artması təzyiq altında olan millətin xeyrinədir”

Ruhani: “Benzinin qiymətinin artması təzyiq altında olan millətin xeyrinədir”

GünazTV: İran prezidenti Həsən Ruhani noyabrın 15-də hökumət iclasında çıxış edərək, ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib.

 

Ruhani deyib ki, benzinin qiymətinin artmasının ardınca kasıb təbəqədən olan vətəndaşlara verilən müavinətlər də artacaq: “Benzinin hər litrinin 5 min tümənə qədər qaldırılması barədə təkliflər var idi. Lakin biz ona qarşı çıxdıq. Hesab etdik ki, benzinin qiymətinin 5 min tümənə qalxması ölkə əhalisinin həyatına birbaşa mənfi təsir göstərə, inflyasiyaya səbəb ola bilər. Elə buna görə də, bu barədə irəli sürülən təklifləri rədd etdik.

 

Hesab edirəm ki, benzinin qiymətinin artması iqtisadi baxımdan təzyiq altında olan ölkənin 60 milyon əhalisinin xeyrinədir. Hökumət qiymət artımından əldə ediləcək vəsaitdən özü üçün heç nə götürməyəcək və bu yoldan əldə edilən pullar müavinət şəklində kasıb ailələrə veriləcək. Hazırda ölkə əhalisinin 75% iqtisadi təzyiq və sıxıntı altında yaşayır. Bir sözlə, ölkə əhalisinin 60 milyonu hökumətin verəcəyi yeni müavinətlərdən bəhrələnəcəklər” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb.

 

 

Şirkət bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq.

 

Noyabrın 15-də hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq İranın onlarla şəhərində hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib, prezident Həsən Ruhani və İranın “dini” lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib. Etirazlarda bir neçə yanacaq doldurma məntəqəsinə od vurulub, Sircanda dinc aksiyaya qatılan vətəndaşlardan biri polis tərəfindən öldürülüb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN